Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib SƏS TV
Azərbaycan Tibb Universitetində (ATU) tanınmış alim, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Aqil Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru Gəray Gəraybəyli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə, təhsil ocağının pofessor, müəllim, tələbə heyəti, tanınmış elm adamları, ictimaiyyət nümayəndələri, eləcə də Aqil Əliyevin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Gəray Gəraybəyli Aqil Əliyevin həyatı, onun elmi fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olub və 1951-ci ildə oranı bitirib. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1953 ildən isə Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlayıb. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülüb, 1983-cü ildən iqtisad elmləri doktorudur. Tanınmış alim yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub. Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənməsində yaxından iştirak edib, "əhalinin sağlamlığının qorunması" problem komissiyasının sədri olub. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən tərtib edilərək kompleks proqrama daxil edilib. O, həmçinin 2000-ci illərdə Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olub. Aqil Əliyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşıb. Bilavasitə onun rəhbəriiyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. 2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Tədbirdə görkəmli alimin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən ATU-nun İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev geniş məruzə ilə çıxış edib. Q.Əliyev Aqil Əliyevin həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmalarının, kitablarının olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunub. O, Azərbaycanda ilk dəfə tədqiq olunan "Şəxsi istehlakın İqtisadiyyatı", "Tibbin iqtisadiyyatı", "Xalq istehlakı", "Aqrar İqtisadiyyatın aktual problemləri" və sair sanballı monoqrafiyaların müəllifidir: "Aqil müəllim Azərbaycan elminin inkişafına böyük nailiyyətlər qazandırıb. Onun həyat manifesti xeyirxahlıq etmək, insanlara kömək olmaq qayəsi daşıyırdı. Aqil müəllim bütün tələbələrinə əlindən gələn qayğını əsirgəmirdi. Görkəmli alimin Tibb Universitetində çalışdığı bütün zamanlarda elmi kadrların dünya görüşünün formalaşmasında, onların yüksək səviyyədə yetişməsində böyük xidmətləri olub. 1970-ci ildən Aqil Əliyev şəhər və kənd əhalisinin həyat səviyyəsinin bərabərləşməsi, onların arasında fərqlərin aradan qalxması mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1979-cu ildə Aqil Əliyev professor adına layiq görülüb. 1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru adını qazanıb. Amma onun həyatı böyük keşməkeşlərlə yadda qalıb. 1988-ci ildə o zamankı Sovet rəhbərliyinin təzyiqi ilə Aqil Əliyev məcburi olaraq təqaüdə göndərilib. Lakin o ruhdan düşməyib. İşləmədiyi dövrlərdə belə Aqil müəllim öz elmi fəaliyyətini davam etdirib. 1992-ci ildə Aqil müəllim yenidən sevdiyi peşəsinə, hər zaman yüksək dəyərləndirdiyi sevimli təhsil ocağına-Azərbaycan Tibb Universitetinə bərpa edilib. Aqil müəllimin əziz xatirəsi hər zaman ürəklərdə yaşayır. Onun tələbəsi olan böyük bir kontingent Aqil müəllimin əziz xatirəsini hər zaman böyük sevgi ilə yad edir".
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə Aqil Əliyevin iqtisad elminin inkişafındakı rolundan danışıb. Millət vəkili qeyd edib ki, Aqil Əliyevin əhalinin həyat səviyyəsi, istehlak səviyyəsi, maddi istehlakın quruluşu, istiqamətləri, ona təsir edən amillərlə bağlı araşdırmaları Sovet dövründə inqilabi xarakter daşıyırdı. Aqil Əliyevin araşdırdığı istiqamətlərin cəmiyyətin inkişafında hər zaman aktual mövzu olduğunu vurğulayan Z.Səmədzadə bu problemlərin hər zaman dünyanı narahat etdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Aqil Əliyevin araşdırmalarında bu problemlərin həlli istiqamətləri özünü göstərir: "Bizim Aqil müəllimlə mütəmadi olaraq görüşlərimiz olurdu. Aqil müəllim böyük alim olmaqla yanaşı, həm də çox gözəl xüsusiyyətlərə malik insan idi. Tanıdığı hər kəsə qayğı ilə yanaşardı. Hətta universitetdə belə hər kəsin problemləri ilə yaxından maraqlanırdı, onun həllinə köməklik göstərirdi. Əminəm ki, bundan sonra bir çox elm adamlarımız Aqil müəllimin böyük elmi araşdırmalarından yararlanacaq, həmin sahələr üzrə dissertasiyalar müdafiə edəcəklər. Aqil müəllim hər zaman ürəklərdə yaşayacaq".
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin professoru Surxay Musayev Aqil Əliyevlə bağlı xatirələrini dilə gətirib. Aqil Əliyevin yüksək araşdırmaları ilə istər iqtisadiyyat elminə, istərsə də tibb sahəsinə böyük tövhələr bəxş etdiyini bildirən S.Musayev tanınmış alimin rəhbərlik etdiyi kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulduğunu deyib. Onun sözlərinə görə, ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülüb, kollektivin işi əsl nümunə məktəbinə çevrilib.
Çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Aqil Əliyevin xeyirxah, nəcib bir insan olduğunu bildirib. Aqil Əliyevin sadə, təvazökar xarakterə malik olduğunu qeyd edən İ.İsmayılov böyük alimin gənc nəslə hər zaman qayğı ilə yanaşdığını, məsləhətlərini əsirgəmədiyini söyləyib: "Aqil müəllim tək auditoriyadakı tələbələrini deyil, hətta ətrafındakı insanları belə kamil görmək istəyirdi. Əks halda Aqil müəllimin etimadını qazanmaq mümkün olmazdı. Aqil Əliyev milli-mənəvi dəyərlərimizə həddən artıq bağlı idi. O, hər kəsi xeyriyyəçilik işlərinə yönləndirirdi, xeyriyyəçiliyi təşviq edirdi. Aqil müəllim ətrafındakı inanlara dövlətini, xalqını sevməyi, məsuliyyəti öyrədirdi. Gənclərimizə xarici ölkələrdə Azərbaycanla bağlı təbliğatlar aparmağı məsləhət görürdü. Aqil müəllimin verdiyi tövsiyələr hər zaman aktualdır. Aqil müəllim onu tanıyanların qəlbində möhtəşəm bir abidədir".
Aqil Əliyevin ailəsi adından çıxış edən Zərifə xanım tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Aqil Əliyevlə bağlı xatirələrini dilə gətirən natiq böyük alimin hər zaman tələbələrinə, yaxınlarına, onu tanıyan insanlara çox diqqət və qayğı ilə yanaşdığını söyləyib. O deyib ki, məhz bu diqqət və sevgi Aqil Əliyevin onu tanıyanlar tərəfindən sevilməsinin əsas təməlidir.
Çıxış edən digər natiqlər də Aqil Əliyevlə bağlı xatirələrini bölüşüblər, böyük alimin elmi fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB