"Parklanma ilə bağlı cəzalar Azərbaycan üçün yenilikdir" EKSPERT RƏYİ
"Azərbaycanda küçələrdə və yollarda dayanma və durma qaydalarının pozulması ilə bağlı cərimələr var. Lakin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik ödənişli dayanacaqlarla bağlıdır". Bunu SİA-ya açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliyə əsasən ödənişli duracaqlarda pul ödəməyənlərə cəza tətbiq ediləcək: "Bu yenilikdir və Azərbaycanda heç zaman belə bir qayda tətbiq edilməyib. Bu təklif həmçinin ödəniş edən lakin müddətindən artıq dayanan avtomobillərə də şamil ediləcək".
Ekspertin sözlərinə görə, bütün dünyada ödənişli parklanma yerlərində əlillər üçün xüsusi yerlər ayrılıb ki orada yalnız avtomobilində əlillərə aid xüsusi nişanı olanlar dura bilər: "Lakin bizdə bu məsələ ilə əlaqədar bir az pərakəndəlik var. Belə ki, bizdə də bir çoxları "əlil" tanınma nişanını əldə edib öz maşınına yapışdırmağa çalışır. Lakin İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişiklikdə bu məqama da xüsusi yer ayrılıb. Belə ki bundan sonra əlil adından yalandan istifadəyə görə cəzalar tətbiq ediləcək. Düşünürəm ki, bu cəzalar parklanma ilə bağlı problemləri aradan qaldıracaq".
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan 342.1.11 maddəsinə görə, "əlil" tanınma nişanından qanunsuz istifadə edilməsinə görə, 40 manat məbləğində cərimə tətbiq olunacaq.
Əlavə edilən digər 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə, 10 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəlləyə əlavə edilən digər 346-1.3 maddəsinə görə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə, 10 manat cərimə tətbiq olunur.
Əlavə edilən başqa 346.1-4 maddəsinə görə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə, 10 manat məbləğində cərimə tətbiq olunacaq.
Əlavə edilən 346-1.5 maddəsinə görə isə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB