Uşaqları xəstəlikdən necə qoruyaq? PEDİATR MƏSLƏHƏTİ

Uşaqları xəstəlikdən necə qoruyaq? PEDİATR MƏSLƏHƏTİ

Dekabr ayı olmasına baxmayaraq, havaların bir gün isti, səhəri günü isə kəskin şəkildə dəyişməsi hallarını müşahidə edirik. Məhz belə havaların nəticəsidir ki, ətrafımızda bir çox insanlarda soyuqdəymə, qrip, boğaz ağrısı və digər xəstəliklərdən əziyyət çəkdiyini görürük. Lakin ən pisi dəyişkən havanın uşaqların səhhətinə olan təsiridir. Belə havalar onların səhhətində problemlər yaradır. Dəyişkən hava hansı xəstəliklərə yol açır? Bəs uşaqlarımızı bu cür havalardan necə qoruyaq?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən ölkənin baş pediatrı Nəsib Quliyev bildirib ki, payız və qış mövsümündə uşaqlar arasında ən çox soyuqdəymə xəstəliklərinə rast gəlinir: "Dəyişkən hava uşaqlarda tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına gətirib çıxardır. Onun baş verməməsi üçün əslində uşaqlar orqanizminin möhkəmləndirilməsi tədbirləri ilin yaz və yay fəslindən aparılmalıdır. Xəstəlikdən qorunmağın ən əsas yolu isə iqlim şəraitinə uyğun geyinmək və qidalanmaqdır. Ümumiyyətlə, payız-qış mövsümlərində uşaqların əksəriyyəti kollektivlərdə - bağça, məktəb, internatlarda birləşdikləri üçün orada olan uşaqların birində xəstəlik aşkarlandıqda onu vaxtında izolyasiya etmək mütləqdir. Valideynlər bilməlidir ki, xəstə uşağı məktəb və ya baxçaya aparmaq olmaz. Bəzən valideyn məsuliyyətsizliyi həm uşağın özünə, həm də onun həmyaşıdlarının xəstələnməsi təhlükəsini ortaya çıxarmış olur".

N. Quliyev qeyd edib ki, bu məsuliyyət həm də müəllimlərə şamil olunur: "Müəllimlər bu məsələyə nəzarət etməli, xəstə uşağı kütlə içərisinə daxil olmağa qoymamalıdırlar. Payız-qış mövsümündə uşaqların daha çox C vitaminli qidalar qəbul etməsi məsləhət görülür. Bu virus xəstəliklərindən qorunmağın ən yaxşı yoludur. Bundan əlavə uşaqlar vaxtlı-vaxtında vaksinasiyaya cəlb edilməlidir ki, onların immuniteti güclü olsun. Soyuq havada kəskin respirator xəstəliklər də sürətlənir. İnsanlar bəzən bunu qriplə səhv salıb qripə qarşı dərmanlar qəbul edirlər. Əslində yüksək hərarət və halsızlıqla müşahidə olunan xəstəlikdə həkimə müraciət etmək və yataq rejimində müalicə şərtdir. Bundan əlavə, uşaqları havasız mühitdə saxlamaq da xəstəliklərə yol aça bilər. Ona görə də, havada gəzişmək vacib olduğu qədər, fəslin tələbinə uyğun geyinmək də şərtdir".

Baş pediatr əlavə edib ki, Azərbaycanda "Uşaqların icbari dispanserizasiya" haqqında qanun qəbul olunub ki, buna müvafiq olaraq Səhiyyə Nazirliyində il boyu bütün respublikada uşaqlar ən azı ildə 1 dəfə, körpə yaşlılar isə tez-tez tibbi müayinələrə cəlb olunurlar: "Uşaqların sağlamlığına nəzarət edilir və ehtiyac olduqda qabaqlayıcı, sağlamlaşdırıcı tədbirlər görülür. Əsas məqsəd uşaqların böyüklərin diqqət və qayğıları nəticəsində sağlam böyüməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə