"Cəzalar obyektlərin qarşısında duran taksilərə şamil ediləcək" EKSPERT RƏYİ
"Azərbaycanda "Yol Hərəkəti" haqqında qanuna görə taksilər sifariş qəbul etmək üçün yalnız onlar üçün ayrılan taksi duracaqlarında dayanmalıdırlar. Lakin bizdə bu qadağanı pozan sürücülər kifayət qədər olduğu üçün İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni əlavəyə görə, belə sürücülər cəzalanacaq". Bunu SİA-ya açıqlamasında yol hərəkəti eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, bu cəzalar yol ilə hərəkət edərkən müştəri qəbul edən, zəng və ya sms vasitəsilə sifariş qəbul edən taksilərə aid olmayacaq: "Bu məsələ daha çox obyektlərin qarşısında dayanıb müştəri gözləyən taksilərə aid olacaq. Bu cəzalar ən çox da şadlıq saraylarının, metronun qarşısında, avtobus duracaqlarında dayanan taksilərə şamil ediləcək ". 
Ekspertin sözlərinə görə, belə cəzaların tətbiqində əsas məqsəd şəhərin müəyyən nöqtələrinin taksilər tərəfindən qanunsuz zəbt edilməsinin qarşısını almaqdır. Ə. Hüseynov onu da əlavə edib ki, sözügedən yeniliklərin yaxın gələcəkdə reallaşması mümkün deyil: "Bunun üçün ilk növbədə Bakı şəhərinin infrastrukturuna yenidən baxılmalı, kifayət qədər taksi duracaqları ayrılmalı və işarələnməlidir. Bu məsələlər həll edildikdən sonra bu yeniliklər tətbiq olunacaq".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr olunması müzakirə edilib. Məcəlləyə təklif edilən 22.0.8-ci maddəsinə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağandır. Buna əməl etməməyə görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB