XVI Asiya –Sakit Okean hövzəsi ölkələrinin elmi konfransı işə başladı TƏDBİR - SƏS TV

XVI Asiya –Sakit Okean hövzəsi ölkələrinin elmi konfransı işə başladı TƏDBİR - SƏS TV

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə XVI Asiya –Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatika elmi-konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, akademiyanın əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, Rasim Əliquliyev qonaqları salamlayaraq tədbirin kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O belə bir konfransın ölkəmizdə keçirilməsinin yüksək qiymətləndirərək, tədbirdə əldə olunacaq nəticələrin elmimiz üçün faydalı olacağına əminliyini ifadə edib. Akademik çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb, mühazirələrin dinləyiciləri olan yerli və xarici tələbələrə isə kvant informatikası haqqında daha çox məlumat əldə etməyi, gələcəkdə bu sahədə tədqiqat işləri aparmağa tövsiyə edib.

Daha sonra çıxış edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, tədbirin təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nazim Məmmədov kvant informatikasının yaranması və inkişafı tarixindən danışıb: "Amerikalı alim Riçard Feynman və digər görkəmli fiziklərin kvant informatikasının əsasını qoymasından 30 ildən çox vaxt keçir. Bu müddətdə güclü inkişaf etmiş bir elm sahəsinə çevrilən kvant informatikası fizikanın bir çox ənənəvi istiqamətlərini də əhatə edərək öz hüdudlarını kompüter və ifrat yüksək texnologiyalara qədər genişləndirib. AMEA-nın müxbir üzvü qeyd edib ki, hazırda Azərbaycanda kvant informatikası sahəsində mütəxəssislərə ehtiyac olduğu üçün xarici alimlər işçi sessiyalardan əlavə, tələbə və doktorantlar üçün kvant informatikasına dair giriş kursları üzrə mühazirə oxiuyacaqlar.

Tədbirin davamında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə direktoru Elçin Babayev çıxış edib. O bildirib ki, hazırda AMEA fiziki İnstitutu Dünya standartları səviyyəsində inkişaf edir və Fond bu işdə elmi müəssisəyə yaxından köməklik göstərir: "Elmin İnkişaf Fondu Fizika İnstitutuna müasir cihaz və avadanlıqların alınmasına həmişə dəstək olub. Çünki, bu, institutda innovasiya sektorunun yaradılmasına, qıza müddət ərzində ciddi elmi nəticələrin əldə edilməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, xarici amillərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına imkan yaradır".

E. Babayev vurğulayıb ki, Fond dövlət başçısının ölkəmizdə elmin inkişafı ilə bağlı apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir və göstərilən etimadı doğrultmağa çalışır.

Daha sonra tədbir sessiyalarla davam edib.

Qeyd edək ki, konfrans dekabrın 9-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə