“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı

Tədbirin sonunda memorandum imzalandı
“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı

"Coca-Cola" şirkəti, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Yüksək Texnologiyalar Parkı" və "Nobel Oil" enerji şirkətinin dəstəyi ilə "Youth Inc." Gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən "Youth Inc. Business Academy" Akselerasiya Proqramı 6 həftəlik intensiv təlim-tədris kursunu başa vurub.

SİA-nın məlumatına görə, layihənin Yüksək Texnologiyalar Parkında baş tutmuş bağlanış və mükafatlandırma mərasimində müsabiqə iştirakçıları ilə yanaşı, proqramın tərəfdaş nümayəndələri, rəsmi qonaqlar, digər inkubasiya mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev qonaqları salamlayaraq nitqinə başlayıb: "İqtisadiyyatımızın inkişafı hər zaman aktual mövzulardan biri olaraq qalır. Bilirik ki, sabahın iqtisadiyyatı bu günün gəncliyindən başlayır. Biz də "Youth Inc." Proqramı olaraq biznes proqramlar, təlim-tədris kursları təşkil etməklə gənclərimizin inkişafına şərait yaradırıq. Belə layihələrdən biri olan "Biznes Academy" Akselerasiya Proqramını təşkil etməkdə məqsədimiz biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaqdır".

"Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzləliyev də layihə ilə bağlı öz fikirlərini bölüşüb: "Bu gün "Youth Inc. Business Academy" Akselerasiya proqramının bağlanış və mükafatlandırma mərasimdəyik. Nəticə olaraq, layihə iştirakçısı olan 25 nəfər gənc bu proqramı bitirərək öz bizneslərinə qədəm qoyurlar. Ümid edirik ki, belə proqramlar vasitəsilə "Coca-Cola" cəmiyyətə, gənclərin inkişafına öz töhvəsini verəcək."

Rəsmi çıxışlardan sonra layihə iştirakçılar diplomla, mentorlar isə təşəkkürnamə ilə mükafatlandırılıb. Proqram iştirakçıları layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər: "Mən təhsil sahəsində çalışıram və bu sahədə biznes qurmaq marağındayam. İlk addım olaraq biznes ideyam var, ancaq onu necə inkişaf etdirəcəyimi bilmirdim. "Youth Inc. Business Academy" proqramına qoşulmaqla mənə gərəkli olan biznes planın yazılmasından tutmuş Biznes Kətan modelinin qurulmasına qədər biliklər əldə etdim. Eyni zamanda biz burada qrup şəklində müxtəlif biznes ideyaları olan gənclər ilə tanış olduq. İnanıram ki, gələcəkdə müxtəlif ortaq maraqlarda bir-birimizin biznesinə faydalı ola biləcəyik." deyə təhsil sahəsində çalışan layihə iştirakçısı Mehriban Nəzərova qeyd edib.

"Mənim ideyam yerli və beynəlxalq bazar üçün nəzərdə tutulduğundan xarici mentorların fikirlərini almaq və onların mühazirələrində iştirak etmək layihəmə yeni fikir, yeni düşünmə tərzi gətirdi. Bu təlimlərin təşkilinə görə "Youth Inc."Proqramına öz təşəkkürümü bildirirəm." deyə "Kvotter" ideyasının müəllifi Orxan Əhmədov qeyd edib.

Hazırda reallaşdırılması münasib görünən biznes-ideyaların yerli və xarici mentorlar tərəfindən investisiya cəlb etmək məsələləri müzakirə edilir. Bəyənilən ideyalara investorlar tərəfindən tələb olunan qədər vəsait ayrılacaq.

Tədbirin yaddaqalan hissəsi isə "Youth Inc." Proqramı və Yüksək Texnologiyalar Parkı (YTP) arasında anlaşma memorandumunun imzalanması olub. Tərəflər bununla da, qarşılıqlı əməkdaşlıq və birgə layihələrin təşkili üçün yeni başlanğıclara imza atıblar.

Xatırladaq ki, "Youth Inc. Business Academy" Akselerasiya Proqramı öz biznesini və ya startapını yaratmaq arzusunda olan gənclərin, hətta biznes ideyanın necə formalaşması ilə maraqlanan şəxslərin iştirak etməsi üçün təşkil olunub. Məqsədimiz istəkli, bacarıqlı və istedadlı gəncləri bir araya toplamaq, onlara qlobal startap bazarının təcrübəsini yaşatmaq və bu yolda düzgün istiqamət göstərmək olub.

Layihəyə maraq göstərən gənclərdən 690 nəfəri müraciət formasını doldurmağa başlayıb, onlardan 203-ü qeydiyyatını tamamlayaraq, bir həftə davam edən seçim prosesləri nəticəsində 25 nəfər layihədə iştirak şansını qazanmışdır. 6 həftəlik proqram müddətində 25 nəfər iştirakçıya 7 əcnəbi və 7 yerli mentorun təqdimatında mühazirələr keçirilib. Mühazirələr Stenford Universitetinin professoru, "Silikon Vadi"-nin daimi sahibkarı Stiv Blank və onun komandasının hazırladığı "Lean Launchpad" video dərsliyinin Azərbaycan dilində tərcümə olunmuş materialları əsasında hazırlanıb. Həmin materiallar üzrə mövzular proqramın yaratmış olduğu http://academy.youthinc.az saytına yerləşdirilib. Saytın faydalılığını və funksionallığını artırmaq məqsədilə keçirilən hər bir dərslər layihə dövründə qeydə alınaraq saytda izləyicilərin ixtiyarına verilib. Bu da həm layihə iştirakçılarının, həm də "Youth Inc." Proqramı çərçivəsində növbəti layihələrdə digər gənclərin bu resurslardan istifadəsini təmin etmək məqsədilə vahid kontentin yaradılmasına gətirib çıxarıb.

Layihənin fərqləndirici cəhətlərindən biri də seçilmiş iştirakçılarla yanaşı digər şəxslərə həftədə bir dəfə proqrama qatılması üçün yaradılan "açıq dərs saatları" olub. Belə ki, təşkil olunmuş 5 açıq dərsdə spiker qismində Niyazi Qasımov, Kamil Babayev, Sənan Həsənov, Eldar Qocayev və Anastasia Green çıxış edib, bununla da 200-ə yaxın şəxs təlimlərdən faydalanıb.

Qısaca demək olar ki, bu proqram Azərbaycanda ideyadan biznesə keçid istiqamətində həyata keçirilən sürətləndirilmiş biznes proqramdır.

Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." Proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 15 müxtəlif biznes-layihələr həyata keçirib, 25 startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.

Qeyd edək ki, "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən müsabiqələr fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə