Ombudsman: "Sosial mənzillərin regionlarda tikilməsinə ayrılan vəsait artırılsın"

Ombudsman: "Sosial mənzillərin regionlarda tikilməsinə ayrılan vəsait artırılsın"

"Sevindirici haldır ki, gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosialyönümlülüyü saxlanılıb. Bu, insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Büdcə insanların sosial rifahının yüksəldilməsinə xidmət edəcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.

Çıxışı zamanı bir sıra təkliflər irəli sürən E. Süleymanova qeyd edib ki, sənədsiz evlərə və onların altında olan torpaq sahələri vətəndaşlara onların hüquqlarını tanımaq imkanı verməlidir: "Bu problemi həll etmək üçün Milli Məclisdə qanun layihəsi hazırlanmalıdır. Ona görə də məsələ ilə əlaqədar millət vəkillərinə müraciət edirəm. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları büdcəyə əlavə vəsaitlər gətirə bilər. Bu böyük məbləğdir".

Ombudsman çıxışı zamanı sosial mənzillərin regionlarda tikilməsi üçün əlavə vəsaitin ayrılması təklifini də edib: "Sosial mənzillərin regionlarda da tikilməsi üçün vəsait artırıla bilər. Bu, evlərin tikilişini daha da sürətləndirə, regionlarda mənzilsiz və ya qəzalı vəziyyətdə yaşayan vətəndaşların problemini həll edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə