Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirilib

Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirildi.

Qurumdan SİA-ya verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova təqdimatın əhəmiyyətindən bəhs etdi. L.İmanova bildirdi ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdır. O, kitabxanaçılıq sahəsi üzrə mütəxəssislərə müraciət edərək onları təqdimatı keçirilən fondla bağlı, onun gələcəkdə formalaşdırılması perspektivləri ilə əlaqədar təkliflərini verməyə çağırdı.

Təqdimat Mərkəzi Elmi Kitabxananın Biblioqrafik sorğular bölməsinin rəhbəri Kəmalə Məmmədova və əməkdaşları Afət Məmmədova, Əsmər Salalı, Könül Abdullayeva, Mahnur Həsənova, Nərgiz Novruzova tərəfindən keçirildi. Təqdimatda qeyd edildi ki, Mərkəzi Elmi Kitabxanada kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fond 1965-ci ildə yardılıb. Fonda 1910-2015-ci illər ərzində azərbaycan, rus, ingilis və ukrayna dillərində çap olunmuş qeyri-dövrü, dövrü və ardı davam edən nəşrlər, o cümlədən cari, retrospektiv və tövsiyə xarakterli biblioqrafik mənbələr daxil edilib. Təqdimatçıların çıxışını buradan yükləyə bilərsiniz.

Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov çıxışında Azərbaycanda kitabxanaşünaslığın nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən danışdı. Təklif etdi ki, təqdimatlarda yerli müəlliflərin əsərlərinə geniş yer verilsin. Həmçinin, kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondla, müəllif hüquqlarının qorunması ilə bağlı öz təkliflərini bildirdi.

Daha sonra Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Kitabxana-informasiya konsorsiumunun koordinatoru Cəmilə Yusifova və Azərbaycan Respublikası Prezident Kitabxanasının təmsilçisi Əliyusif Məmmədov çıxış etdilər. Çıxışçılar biblioqrafiya sahəsindəki problemlərdən, elektron resurslardan istifadənin zəruriliyindən danışdılar.

Qeyd edək ki, tədbirdə Mərkəzi Elmi Kitabxananın əməkdaşları və digər şəxslər də iştirak edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə