Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonağı olub. SİA-ya Misirin Bakıdakı səfirliyindən verilən məlumata görə, səfir xanım Suzan Cəmilin də iştirak etdiyi görüşdə Misir və Azərbaycan arasında ədəbiyyat sahəsində əlaqələr müzakirə olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar dəvətə görə səfir Suzan Cəmilə və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elyadiyə öz dərin təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatı, dünya şöhrətli şairləri və yazıçıları, o cümlədən ədəbi proseslərin gedişi barədə geniş məlumat verib.
Səfir Suzan Cəmil Azərbaycan və Misir xalqlarının oxşar cəhətlərindən danışıb, Azərbaycanda ədəbiyyata, mədəniyyətə verilən əhəmiyyəti yüksək qiymətləndirib: "Ölkələr arasında mədəni əlaqələrin inkişafı, xalqların bir-birini daha yaxından tanıması üçün ədəbiyyat sahəsində əlaqələrin daha da genişlənməsi və inkişaf etdirilməsi üçün səylər göstərilməlidir. Məsələn, istərdim ki, Misir xalqı üçün dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" tamaşası göstərilsin, eləcə də Anar müəllimin müəllifi olduğu kitablar ərəb dilinə tərcümə olunaraq Misir xalqına təqdim olunsun. Beləliklə, biz ədəbiyyat sahəsində bir sıra nailiyyətlər əldə edə bilərik".
Söhbət zamanı tərəflər arasında Müasir Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsinin Azərbaycan Yazıçılar Birliyində təqdimatının da keçirilməsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB