Bu gün metroda baş verən intihar hadisəsinin psixoloji faktorları
"Son vaxtlar intihara cəhd edənlərin sayı artmaqdadır. Xüsusilə intihar hadisələri ilə bağlı tez-tez yayımlanan xəbərlər bunu deməyə əsas verir. Misal üçün bu gün 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu özünü Metronun Nəriman Nərimanov stansiyasında qatarın altına atıb. Xoşbəxtlikdən maşinistlər qatarı vaxtında dayandıra bildikləri üçün 27 yaşlı gəncə heç nə olmayıb. Bəs insanları intihara nə məcbur edir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən ailə psixoloqu Sevinc Məhərrəm qeyd edib ki, intiharı ümumiləşdirmək olmaz, çünki, bu hal insana görə dəyişir: "Çox vaxt yeniyetmələrdə intihar halları qarşı tərəfi cəzalandırmaq, dərs vermək məqsədi daşıyırsa, maddi və mənəvi sıxıntı, itki, eləcə də ciddi problem yaşayan böyüklərdə qurtuluş yoludur. Ümumiyyətlə, insan 30 yaşında dünya görüşünün, gücünün maksimumundan istifadə edə bilməlidir. Gənclər ağıllarını elə inkişaf etdirməlidirlər ki, onlar 30 yaşına çatanda yaşamaq uğurunda mübarizə yöntəmlərinə malik olsunlar. Əgər bu gün 27 yaşlı gənc 13-14 yaşlı yeniyetmənin təcrübəsi, ağlı, dünyagörüşü ilə eyni səviyyədə qalıbsa, o zaman onun intihara meyli daha asan və əlçatan olacaq. Bu cür insanlar problemlərini qaçaraq qurtulmaq yolundan istifadə etməklə həll etməyə meylli olacaqlar. Ümumiyyətlə, zəif, çarə tapa bilməyən insanlar mütləq şəkildə şiddətli depressiyada olurlar. Onlar gələcəyi görə bilmədikləri həyatlarını davam etmək kimi gücə malik olmadıqları üçün intihara əl atırlar".
İnsanların daha çox ictimai yerdə intihar etmələrinin səbəblərini açıqlayan psixoloq söyləyib ki, belə hallara əl atanlar üsyankarlığa üstünlük verənlərdir: "Bəzən intihar hadisələri şou və ya əvvəlcədən düşünülmüş də ola bilər: " Ona görə də intihar cəhdinin kim və ya hansı səbəbdən etməsinin araşdırılması mütləqdir. Çox təəssüf ki, bəzi intihar hadisələri fatal ola bilir. Bəzən cəzalandırmaq məqsədilə edilən intihar cəhdləri ölümlə və ya hansısa orqanından məhrum olma ilə nəticələnə bilir".
Son dövrlər intihar cəhdinin artmasının səbəbini açıqlayan S. Məhərrəm qeyd edib ki, buna stress səviyyəsinin artması, insanların maariflənmə səviyyəsinin aşağı olması, rəqabətə davam gətirə bilməmələri və qəzəbli insanların sayının maksimum dərəcədə artmasıdır: "Bu heç də yaxşı hal deyil. Bunun qarşısı alınmalı, sosioloq, psixoloq tərəfindən maarifləndirmə işləri aparılmalıdır".
Psixoloq əlavə edib ki, cəmiyyət tərəfindən ictimailəşdirilən problemlər heç də həmişə pozitiv nəticə vermir: "Biz bu cür məlumatları işıqlandıraraq ona meyllənənlərin sayını artıra bilərik. Bu baxımdan hər hansı problemi , faciəni paylaşmamışdan əvvəl mütəxəssislərlə məsləhətləşmək, onun cəmiyyətin psixologiyasına nə dərəcədə təsir edəcəyini araşdırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB