Komitə sədri: "362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb"
Azərbaycanda inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası müəyyənləşdirilib. SİA-nın xəbərinə görə, bununla bağlı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında aparılan müzakirəlrə zamanı məsələ ilə bağlı çıxış edən komitəs sədir Arif Rəhimzadə bildirib ki, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılarkən mübahisəli ərazinin infrastruktur təminatı, dövlət funksiyalarının həyata keçirilməsinin, dövlət və ya yerli idarəçiliyin səmərəli təşkili nəzərə alınmalıdır.
Onun sözlərinə görə. mübahisələndirilən ərazi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aid edilərsə, mübahisənin həlli müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Milli Məclis tərəfindən həyata keçirilir: "Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə üzrə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və təbii fəlakətin doğurduğu nəticələr ilə əlaqədar yol verilir. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, ərazi vahidlərinə ad verilməsi, onların statusunun dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti qarşısında məsələ Naxçıvan MR Ali Məclisinin vəsatəti əsasında qaldırıla bilər".
Komitə sədri çıxışında bildirib ki, Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var: "Lakin 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb. Onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ də həll olunmamış qalıb".
İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunla və "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında" qanunla həll olunur.
Sonda qanun layihəsinə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB