Pakistanın aparıcı "LeadPakistan" qazetində və internet səhifəsində "Azərbaycan-Pakistan münasibətləri: Təsir edən tərəfdaşlar" və "Füsunkar Azərbaycan" adlı məqalələr dərc edilib. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan-Pakistan münasibətləri: Təsir edən tərəfdaşlar" adlı məqalədə Pakistan baş nazirinin Azərbaycana səfərindən və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə daha da qüvvətləndiyi bildirilir, həmçinin görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inteqrasiyanı gücləndirmək, eyni zamanda hərbi sahədə əməkdaşlığı dərinləşdirməklə bağlı fikirlər səsləndirdiyi qeyd olunur. Hər iki ölkə rəhbərinin iqtisadi-ticari sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməklə bağlı razılığa gəldikləri diqqətə çatdırılır.
Müəllif yazır ki, Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birini daim dəstəklədiklərini vurğulamışdır. Bundan başqa, Prezident Azərbaycanın Pakistandan müasir və yüksək texnologiyaya malik silahların alışında maraqlı olduğunu da söyləmişdir.
Məqalədə Azərbaycanda elektron viza sisteminə keçildikdən sonra qarşılıqlı gediş-gəlişin asanlaşacağı qeyd olunur, əczaçılıq sahəsində birgə müəssisələrin təsis edilməsi istəyinin olduğu barədə məlumat verilir. Prezident İlham Əliyev Pakistan-Azərbaycan əməkdaşlığının regional sülh və təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırmış və eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə birgə reallaşdırdığı nəqliyyat layihələrinin Asiyadan Avropaya, həmçinin cənub-şimal istiqamətində yük daşımaları üçün yeni imkanlar açacağını bildirmişdir.
Müəllif qeyd edir ki, Pakistanın Baş naziri Nəvaz Şərif də öz növbəsində ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini və işğal edilmiş ərazilərin tezliklə azad edilməli olduğunu vurğulamışdır. Kəşmir və Dağlıq Qarabağ məsələləri tam həll edilənədək iki ölkənin bir-birinə olan qarşılıqlı dəstəyinin davam edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır.
"Füsunkar Azərbaycan" başlıqlı məqalədə isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ümummilli lider Heydər Əliyev və İlham Əliyevin rəhbərlikləri altında böyük sosial-iqtisadi inkişaf yolu keçdiyi, geo-siyasi sabitliyə nail olduğu və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin dövründə ölkədə separatçı hərəkatların və vətəndaş müharibəsinin qarşısı alınmış, "Əsrin Müqaviləsi" imzalanaraq irəliyə doğru böyük bir addım atılmışdır. 2004-2011-ci illər ərzində ölkə ÜDM-nun həcmi üç dəfə, dövlət büdcəsi isə son 10 ildə 19 dəfə artmışdır.
Müəllif qeyd edir ki, Azərbaycanın inkişafı və nailiyyətləri müsəlman ölkələri üçün qürur mənbəyidir və Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olmuşdur.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin post-neft erasında ölkənin resurslarından, o cümlədən insan resurslarından səmərəli istifadə edərək və eyni zamanda effektiv xarici siyasət yürüdərək iqtisadi sabitliyi qoruyub saxlamağa nail olduğu vurğulanır. Həmçinin, Azərbaycan iqtisadiyyatının şaxələndirmə prosesinin getdiyini və neft ixracından asılılığın azaldılmasına çalışıldığı nəzərə çatdırılır. Bu məqsədlə də ölkə Prezidenti tərəfindən müxtəlif konsepsiya və sərəncamların imzalandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB