Sədaqət Vəliyeva: “Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır”
"Bu gün anti-Azərbaycan şəbəkəsinin siyasi direktivlərilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışır. Xüsusilə də, sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə "kütləvi narazılıq fonu" yaratmağa cəhd göstərir. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün cənab Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini stabil saxlamağa çalışır: "Dünya ölkələrində, xüsusilə də, Avropanın planetar miqyasda "nümunə" kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar belə verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə vətəndaşların xeyrinə qərarlar verilir".
Dünya ölkələrində kommunal xərclərin Azərbaycana nisbətən dəfələrlə yüksək olmasına diqqət çəkən Sədaqət Vəliyeva qeyd edib ki, bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyindən irəli gəlir: "Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belorus timsalında götürdükdə qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 kvs. görə 18-55 qəpik arası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə ildə 800-850 avro xərcləməli olur. Elektrik enerjisinin hər 1 kvs. görə alman, fransız və belçikalı ailələr 11 avrosent ödəyirlər. İslandiyada 4 nəfərlik ailə isə aylıq olaraq 200-300 avro kommunal xərclərə pul ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manat arası dəyişir".
Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstərici oldu: "Çünki, cənab Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan kommunal tariflərin hesablanmasında differensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB