“Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili”

Layihənin yekun konfransı keçirilib
“Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Akt Zalında "Azadlıq Hərakatçıları" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında 2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrasına vətəndaş cəmiyyətinin dəstəyini reallaşdırmaq məqsədilə həyata keçirilən "Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili" layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan ADPU-nu filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov həyata keçirilən layihənin aktuallığı, cəmiyyət üçün əhəmiyyəti, reklam bazarında Azərbaycan Respublikasının Dövlət Dili ilə bağlı kifayət qədər narahatlıq doğuran qüsurların mövcudluğu barədə fikirlərini bildirib.

Sonra layihənin yekunları əsasında hazırlanmış "Dilimiz reklamlarda" sənədli filmi nümayiş etdirilib.

Yekunlarla bağlı məruzə ilə çıxış edən layihənin rəhbəri, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov bu gün cəmiyyəti, xüsusilə ziyalıları narahat edən bu mühüm problemlə bağlı həyata keçirilən "Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili" layihəsinin reallaşmasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib. O qeyd edib ki, layihənin icrası çərçivəsində AMEA-nın Dilçilik İnstutunun dilçi-alimləri ilə birgə reallaşdırılan monitorinq zamanı həm reklam çarxlarında, həm internet portallarındakı reklam səhifələrində, həm də Bakı və Sumqayıt şəhərlərində nümayiş etdirilən reklam lövhələrində gözlənildiyindən dəfələrlə çox ədəbi dil qüsurlarının aşkar edilməsi, bu sahədə həqiqətən ciddi problemlərin mövcudluğundan xəbər verir. T.Novruzov bildirib ki, təkcə Bakı şəhərindəki reklam və ünvan lövhələrində 1786 dil qüsuru məsələ ilə bağlı həyacan təbili çalmağın zamanının yetişdiyini deməyə əsas verir. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayında AMEA-nın 90 illik yubileyindəki çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı cəmiyyətə verdiyi mesajı xatırladaraq, yerli icra orqanlarının bu sahəyə münasibətlərinin qənaətbəxş olmadığını vurğulamaqla, məsul şəxsləri ölkə başçısının nitqindəki dəyərli tövsiyələri nəzərə almağa çağırıb. O, həmçinin layihənin yekunları ilə bağlı arayış-kitabça hazırlandığını, bu sahəyə cavabdehlik daşıyan hər bir dövlət orqanına həmin kitabçanın nüsxəsinin göndərildiyini, qüsurların qeyd olunması ilə yanaşı, həmin kitabçada problemin həlli ilə bağlı AMEA-nın Dilçilik İnstutu ilə birgə hazırladıqları təkliflərin də əks olunduğunu qeyd edərək, əlaqədar qurumların Ana dilinin saflığının qorunması və dilimizin inkişafı sahəsində mövcud olan qüsurların aradan qaldırılmasında daha məsuliyyətli olacaqlarına inandığını söyləyib.

Tədbirdə çıxış edən tanınmış diktorlar, Respublikanın Xalq Artistləri Ofelya Sənani, Eldost Bayram, Respublikanın Əməkdar Artisti Natəvan Hacıyeva, AMEA-nın Dilçilik İnstutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, Azərbaycan Reklamçılar Birliyinin sədri Hacəmi Atakişiyev, tanınmış jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Sevinc Süleymanova və digərləri reklam bazarında yol verilən Azərbaycan ədəbi dil qüsurları ilə bağlı fikirlərini konfrans iştrakçıları ilə bölüşərək, bu mühüm məsələyə bütün cəmiyyətin, xüsusən də ziyalıların diqqətlə yanaşmalarının vacibliyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə