Zazalı-Dəliməmmədli mənzilində 6,4 km dəmir yolu əsaslı təmir olunur
Dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, 29 noyabr 2016-cı ildə Zazalı-Dəliməmmədli mənzilində 6,4 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 180 km dəmir yolu əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə