"Neft erasından sonrakı Azərbaycan"

"Neft erasından sonrakı Azərbaycan"

Pakistanın "Lead Pakistan" qəzetində ekspert Mahmud Ul-Hassan Xanın "Azərbaycan: regional iqtisadi lider" və "Neft erasından sonrakı Azərbaycan" sərlövhəli məqalələri dərc olunub. "Azərbaycan: regional iqtisadi lider" adlı məqalədə Azərbaycanın müstəqilliyini qazanmasından sonra nail olduğu iqtisadi inkişaf nəticəsində Cənubi Qafqaz regionunun iqtisadi liderinə çevrildiyi, qeyri-neft sektorunun böyüdüyü, eləcə də dünyanın BVF, Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi aparıcı maliyyə qurumları tərəfindən Azərbaycanın son 25 ildə mühüm sosial-iqtisadi inkişaf əldə etdiyi vurğulanıb.

Müəllif qeyd edib ki, bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycan müstəqil və suveren dövlətə çevrilərək özünün istisadi və sosial modelini qurmağa müvəffəq olub. Azərbaycan öz təbii və insan resurslarından istifadə edərək güclənib. İndi onun Dağlıq Qarabağ və ərtaf rayonları işğaldan azad etməyə qadir olan güclü ordusu formalaşıb, hansı ki, apreldəki 4 günlük müharibədə bu, sübut olunub. Azərbaycan regionun siyasi kursunun müəyyənləşməsində mühüm rol oynayır. O, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizinin yaranmasındakı aktiv rolu, bir neçə aydan sonra tamamlanacaq Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Avropa və Asiyanın bir-birinə bağlanacağı, həmçinin Şimal-Cənub dəhlizinin nəhəng həcmdə yükün daşınmasına imkan verəcəyi, bu nəqliyyat dəhlizlərinin neft sektorundan kənarda Azərbaycana xeyli gəlir gətirəcəyi diqqətə çatdırılıb.

Müəllif Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi qlobal mahiyyətli enerji layihələri ilə öz enerji məhsullarını dünya bazarına çıxardığını, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını bildirib.

Məqalədə Azərbaycanın son dövrlər həyata keçirdiyi tədbirlər haqqında da məlumat verilmişdir. Belə ki, ölkədə bir neçə beynəlxalq hava limanı inşa edilmiş, Xəzər hövzəsində nəhəng beynəlxalq dəniz ticarət limanının tikintisi isə davam etdirilir. Azərbaycan, həmçinin "Azerspace-1" və "Azersky" peykləri vasitəsi ilə qlobal hava fəzasına daxil olmuşdur. Azərbaycan hökuməti şəffaflığın, səmərəliliyin təmin edilməsi məqsədi ilə "ASAN Xidmət" mərkəzlərini təsis etmiş, həmçinin dövlət qurumlarının işinə dair 30 sahə üzrə 112, eləcə də köməkçi sahələrə aid 140 elektron xidmət yaradıb. Bu günədək 7 milyon insan "ASAN Xidmət"dən faydalanmışdır. Əhalinin bu xidmətdən məmnuniyyəti 100 faiz olub.

"Neft erasından sonrakı Azərbaycan" başlıqlı məqalədə isə post-neft mərhələsinə qədəm qoymuş Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən dəniz və hava limanlarının inşası, müxtəlif sənaye və inşaat sektorlarının inkişafından söz açılıb. Eyni zamanda, neft kapitalının uğurla insan kapitalına çevrildiyi, ciddi sosial inkişafa nail olunduğu, ölkədə yeni məktəb, xəstəxana, muzey, olimpiya mərkəzlərinin tikildiyi diqqətə çatdırılıb. Müəllif Bakı şəhərinin inkişafından söz açıb, Azərbaycann beynəlxalq tədbirlər və sammitlər üçün ideal məkana çevrildiyini qeyd edib, ölkədə gənclər siyasətinin və yeni iş yerlərinin açılması prosesinin uğurla aparıldığını bildirib.

Məqalədə 2003-cü ildən bu yana Azərbaycan iqtisadiyyatının və sənayesinin üç dəfə artdığı, dünyada gedən böhranlı proseslərə baxmayaraq, qeyri-neft sektorunun inkişafı üçün ciddi addımların atıldığı, Azərbaycanın kosmos ölkəsinə çevrildiyi vurğulanıb.

Müəllif qeyd edib ki, neft qiymətlərinin təqribən üç dəfə aşağı düşməsinə baxmayaraq, ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində iqtisadi inkişaf davam edib, təhsil, insan resursları və biznes mühitinin inkişafına qoyulan investisiyalar xeyli artıb. Məqalədə, həmçinin, Azərbaycanla bağlı statistik rəqəmlərə yer verilib, Dünya İqtisadi Forumunun göstəricilərindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə