Qida üçün yararsız at əti zərərsizləşdirilib

Qida üçün yararsız at əti zərərsizləşdirilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində, İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman onun yük yerində və salonunda çəkisi 200 kq olan, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 3 baş at cəmdəyi aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, araşdırma zamanı məlum olub ki, Süleymanov Vüqar Hafiz oğlu və onun qaynı İsmayıllı rayonu Qalıncaq kənd sakini Hacıyev Sahil Tofiq oğlu Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən aldıqları atları antisanitar şəraitdə kəsərək (dərisi soyulmamış) Bakı şəhərində olan "Heyvanat parkı"na satmaq istəyiblər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı isə at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, qida üçün yararlığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə