"Mahmud Kaşqarı" medalı təqdim edildi SƏS TV

"Mahmud Kaşqarı" medalı təqdim edildi SƏS TV

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mahmud Kaşqarinin anadan olmasının 1000 və adına yaradılmış Beynəlxalq Fondun 10 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, media kapitanları, yazıçılar və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə fond haqqında məlumat verilib. Bildirilib ki, təşkilat tərəfindən Mahmud Kaşqari adına medal təsis edilib ki, həmin medal türk dünyasında xidmətlər göstərmiş şəxslərə təqdim olunur.

İlk mükafat yazıçı Sabir Rüstəmxanlıya təqdim edilib. O çıxışı zamanı fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Mahmud Kaşqari türk dünyasında fərqlənən şəxsiyyətlərdəndir.

Daha sonra millət vəkili, "Yeni Azərbaycan"qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu türk dünyası qarşısında göstərdiyi xidmətlərə görə, Mahmud Kaşqarı medalı ilə təltif olunub. Çıxış edən H.Babaoğlu qeyd edib ki, medalı almaq böyük məsuliyyət tələb edir.

Onun sözlərinə görə, Mahmud Kaşqarinin əsərləri türkologiya elminin əsası, dilimizin yazılı və şifahi abidəsidir: "Azərbaycanın müasir mətbuatı bu dilin keşiyində durub, Azərbaycan türkcəsinin inkşafına təsir göstərib".

Daha sonra "Tovuz" Xeyriyyə cəmiyyətinin sədri Musa Süleymanov, Azərbaycan şairləri Əjdər Ol və İbrahim İlyaslı, həmçinin türkiyəli yazıçı İmdad Afşar bu mükafata layiq görülüb. Tədbirdə həmçinin qeyd olunub ki, gələn il Mahmud Kaşqari adına Beynəlxalq Fond Dübya Türkləri Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşqariyə həsr olunan geniş beynəlxalq konfrans keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə