"Azərbaycanda əksər xanımlar zorakılığa məruz qaldıqlarını gizlədir" MÜTƏXƏSSİS RƏYİ
"Azərbaycanda əksər xanımlar zorakılığa məruz qaldıqlarını gizlətməyə çalışırlar. Çünki, Azərbaycan xanımlarında özünü qurban vermə kimi ideya formalaşıb". Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.
O bildirib ki, Azərbaycan xanımlarının əksəriyyəti əvvəlcədən elə tərbiyə olunurlar ki, onlar ailə qurduqdan sonra yalnız həyat yoldaşı və uşaqlarına qulluq etməli olduğunu düşünürlər: "Bir çox qadınlarda bu fikir bir şüar olaraq beyinlərinə həkk olunub. Bu cür qadınlar həyat yoldaşları tərəfindən fiziki və ya digər zorakılıqlara qarşı dayanıqlı olub, bunu gizlətməyə çalışırlar".
Psixoloqun sözlərinə görə, ölkəmizdə "el qınağı" deyilən ifadə var ki, bu, xüsusilə də qadınların həyat tərzinə təsirsiz ötüşmür: "Xanımlarımızın əksəriyyəti ətraf fikirdən qorxur və bunun üçün də rastlaşdığı zorakılıq və digər hadisələri gizlətməyə çalışırlar. Bütün bunlar amma sonradan zorakılığa məruz qadınlarda ciddi nöqsanlar yaradır. Zorakılığa məruz qalan xanımlarda aqressiya olur. Belə qadınlar çox hallarda uşaqları, ətrafdakıları ilə aqressiv davranır, ana kimi öz missiyalarını yerinə yetirə bilmirlər. Ümumiyyətlə, zorakılıqla qarşılan hər bir şəxsdə bir çox mənfi xüsusiyyətlər yaranır".
Zorakılıq hallarına daha çox bölgələrdə rast gəlindiyini deyən G. Muxtarova bunu həmin bölgələrdə savad və maarifləndirmənin səviyyəsinin aşağı olması ilə əlaqələndirib: "Ümumiyyətlə, bölgələrdə maarifləndirmə çox aşağıdır. Rayonlarda yaşayan qadınlar istənilən zorakılığa qarşı göz yummaqla yanaşı bunu normal hal kimi qəbul edirlər".
"Zorakılığın qarşısının alınması üçün ilk növbədə maarifləndirilmə aparılmalıdır. Xüsusilə də zorakılıq hallarına ən çox rast gəlinən rayonlarda qadınların məlumatlandırılması vacibdir. Bizdə zorakılığın aşağı həddən tutmuş ən ağır həddi olan cinayətə qədər rast gəlmək mümkündür. Buna görə də maarifləndirməyə daha çox ailələr cəlb olunmalı, onlar üçün seminarlar keçirilməlidir. Təbii burada psixoloqların da rolu böyük ola bilər"- deyə, psixoloq əlavə edib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır. Zorakılığa məruz qalan 16% qadında vaxtından əvvəl düşüklər, vaxtından əvvəl uşaqların doğulması baş verir. Dünyada isə 42% qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB