Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Bakıda mühazirə oxuyub

Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Bakıda mühazirə oxuyub

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu ölkənin məşhur "Əl-Əxbar" Media Holdinqinin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik Ət Tahir ərəbşünas tələbələr üçün "Misirdə ədəbi cərəyan" adlı mühazirə oxuyub. SİA-ya Misirin Bakıdakı səfirliyindən verilən məlumata görə, Mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən birinin tədbirlərin keçirilməsindən ibarət olduğunu deyib. O bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi daim mədəniyyət və təhsillə əlaqədar tədbirlərin keçirilməsində, tələbə mübadiləsində, Misirin elm adamları, o cümlədən yazıçılar ilə görüşlərin təşkil olunmasında maraqlıdır. Məqsəd ədəbi və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsindən ibarətdir.

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin vasitəsilə bir çox misirli alimlərin Azərbaycana səfərləri və bu səfərlərin nəticəsi olaraq ölkəmiz haqqında kitabların, məqalələrin yazıldığını vurğulayıb.

Sonra Misirin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik Ət Tahir "Misirdə ədəbi cərəyanlar" haqqında mühazirə oxuyub. O, ədəbiyyat elminə töhfə vermiş istedadlı Misir yazıçıları, onların əsərləri barədə iştirakçılara məlumat verib.

Tədbirin bədii hissəsində Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Avrasiya Universitetinin tələbələrinin ifasından konsert proqramı təqdim edilib, tamaşa göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə