İqlim dəyişikliyinə səbəb olan AMİLLƏR

İqlim dəyişikliyinə səbəb olan AMİLLƏR

"Alimlərin gəldiyi nəticəyə görə qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərin əsas hissəsi atmosferə istilik effekti yaradan qazların artırılması ilə bağlıdır. Məsələnin həlli ilə bağlı dünya dövlətləri bir araya gələrək 1992-ci ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, 1997-ci ildə Kioto Protokolu imzalayıblar. Sənədlərin ratifikasiyasından sonra dövlətlər differensial öhdəliklər götürərək iqlim dəyişmələrinə təsirin yumşaldılması üçün müvafiq fəaliyyət planlarını həyata keçirməyə başlayıblar. Təəssüf olsun ki, Protokolda qeyd edilən öhdəliklər əksər ölkələr tərəfindən yerinə yetirilməyib, əksinə bir çox dövlətlərdə qazların atmosferə atılması ilə davam etdirilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Muxtar Babayev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının ikinci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, nəhayət, dövlətlər bu qazların azaldılmasına nail olmaq üçün 2015-ci ildə yenidən Paris razılaşdırılmasını imzalayıblar: "Bu razılaşmada artıq bütün dövlətlər könüllülük prinsipinə uyğun olaraq iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bütün imkanların istifadə olunması ilə əlaqədar təkliflər irəli sürüblər. Azərbaycan Respublikası 1995-ci ildə Konvensiyasını, 2000-ci ildə Kioto Protokolunu ratifikasiya edib, Paris razılaşmasını isə 2016-cı ildə imzalayıb. Paris razılaşdırılmasına daxil edilmək üçün hər bir ölkə, o cümlədən Azərbaycan nəzərdə tutulan ölkə səviyyəsində müəyyən edilmiş töhfələr sənədini hazırlayıb və təqdim edib. Azərbaycanın statistik məlumatlarına əsasən, respublikada müstəqilliyin ilk illərində istilik effekti yaradan qazlar xeyli azalıb. Buna səbəb keçid dövrünü yaşayan ölkəmizdə iri sənaye müəssisələrinin işinin dayandırılması idi. Ölkə əhalisi yanacaqları tələbatdan az miqdarda istifadə edib. Lakin 1994-cü ildə neft yataqlarının yenidən geniş kəşf olunması mərhələsi başlayıb, "Əsrin müqaviləsi" imzalanıb. Ölkədə neft-qaz sənayesinin dirçəlməsi, digər sahələrdə köhnə texnologiyaların yenilərlə əvəz olunması, əhalinin rifah halının yaxşılaşdırmaq məqsədi ilə 2000-ci ildən başlayaraq atmosferə atılan istilik effekti yaradan qazların miqdarı artmağa başlayıb. Bu tendensiyanın qarşısının alınması məqsədi ilə enerji səmərəliliyi, enerjiyə qənaət və çoxkarbonlu yanacaq növlərindən azkarbonlu yanacağa keçmək kimi tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə