Fondun Prezidenti Türkiyənin Azərbaycandakı səfirini qəbul edib FOTO

Fondun Prezidenti Türkiyənin Azərbaycandakı səfirini qəbul edib FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan SİA-ya verilən məlumata görə, G.Əfəndiyeva E.Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.G.Əfəndiyeva Fondun fəaliyyəti, bütövlükdə Türk dünyasının birliyinə yönəlmiş layihə və tədbirləri barədə məlumatı səfirin diqqətinə çatdırıb. E.Özoral türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayıb. Səfir Fondun həyata keçirəcəyi layihələrə dair dəstəyini ifadə edərək bildirmişdir ki, Fond ilə Türkiyə Respublikasının Bakıdakı Səfirliyi arasında uğurlu əməkdaşlığın inkişafına inanır.

Görüşdə tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman bir-birinə göstərdiyi dəstək nəinki bu iki dövlətin, ümumilikdə türkdilli dövlətlərin əməkdaşlığına töhfədir. E.Özoral Azərbaycan ilə Türkiyə arasında sıx dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən söz açmışdır. G.Əfəndiyeva öz növbəsində bu qardaşlıq münasibətlərinin bütün Türk dünyası üçün örnək olduğunu vurğulayıb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlığın gələcək perspektivləri qarşılıqlı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə