Taksilər üçün kvota müəyyən ediləcək EKSPERT RƏYİ

Taksilər üçün kvota müəyyən ediləcək EKSPERT RƏYİ

"Taksi sürücüsü qanuni fəaliyyət göstərməsi üçün "Fərqlənmə nişanı" almalı, vergi ödəməlidir". Bunu SİA-ya açıqlamasında ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, əgər taksi sürücüsü fərqlənmə nişanı almaqdan imtina etsə, demək ki o, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur: "Müasir dövrdə qanunsuz xidmət ola bilməz. Bu gün Bakı şəhərində heç bir xərc tələb olunmadan, başqa sənəd istənilmədən "ASAN xidmət" ə cəmi 18 manat vergi ödəməklə Bakı Nəqliyyat Agentliyində qısa zaman ərzində "Fərqlənmə nişanı "almaq mümkündür. Məbləğ o qədər də yüksək deyil, ona görə də düşünürəm ki, bu məbləğə görə, qanunsuz fəaliyyət göstərməyə ehtiyac yoxdur. Fərqlənmə nişanı sürücülərin gələcəyi üçün də önəmlidir. Fərqlənmə nişanı alanlar vergi ödədiklərinə görə, gələcəkdə sosial müdafiə məsələləri ilə bağlı problemlərlə də rastlaşmayacaq. Bundan əlavə, nişanı almayanlar gələcəkdə bir çox problemlərlə üzləşə bilərlər".

Ekspert qeyd edib ki, yaxın müddətdə Bakı Nəqliyyat Agentliyi qanunvericilikdə nəzərdə tutulan yeni ideya həyata keçirəcək: "Taksilər üçün kvota müəyyən ediləcək. Bu gün Bakıda 15 mindən çox taksi fəaliyyət göstərir. Lakin kvotaya görə onların sayı azalacaq. Misal üçün ola bilsin ki, kvotaya əsasən yalnız 7 min nəfərə fərqlənmə nişanı veriləcək. Kvota dolduqdan sonra sürücülər bu nişanı ala bilməyəcəklər. Bu baxımdan taksilər tələsməlidirlər. Əks halda qanunu fəaliyyət göstərməyənlər kənarda qala bilər".

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gündən etibarən "Fərqlənmə nişanı" almadan taksi xidməti ilə məşğul olan şəxslər cəzalandırılacaq. "Fərqlənmə nişanı" alınması üçün prosedur aşağıdakı kimidir:

İlk növbədə sürücünün VÖEN-i olmalıdır (VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır).

Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orda 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur.

Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport, varsa etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada hec bir məbləğ ödəmədən həmin anda "Fərqlənmə Nişanı" nı əldə edir.

"Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcək

Bütün xəbərlər Facebook səhifəmizdə