Xətayidə yanan bina ilə bağlı hakim sənədləri elan edib

Xətayidə yanan bina ilə bağlı hakim sənədləri elan edib

Bu gün Bakı Ağır Cinayətlərə Məhkəməsində ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə iclasında hakim E.İsmayılov sənədləri elan edib. Elan olunmuş sənədlərlə bağlı çıxışlar olmayıb. Vəkil Rəsmiyyə Qəhrəmanova müdafiə etdiyi şəxsin, təqsirləndirilən Fərid Sadıqovun mobil nömrəsinə edilən zənglərin çıxarılması ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Növbəti məhkəmə prosesinin qeyri-müəyyən vaxtda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə