“Yerli” Proqramının növbəti səfəri cəbhə bölgəsində olub

“Yerli” Proqramının növbəti səfəri cəbhə bölgəsində olub

"Yerli" Proqramı çərçivəsində növbəti maarifləndirmə Qarabağda baş tutub. SİA-nın məlumatına görə, 2 gün davam edən tədbirlər Ağdam rayonunun Quzanlı, Füzuli rayonunun Zabucuq, Tərtər rayonunun Qapanlı, Bərdə rayonunun Kətəlparaq və Beyləqan rayonunun Milabad qəsəbə və kəndlərində İcra Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə keçirilib.

"Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının bu dəfəki səfəri Azərbaycanın digər bölgələrində olduğu kimi cəbhə və cəbhəyani bölgələrinin kəndlərində yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsi məqsədilə baş tutub.

Ağdam, Füzuli, Tərtər, Bərdə və Beyləqan rayonlarının kəndlərində "Sahibkarlıq və biznes" mövzusunda keçirilən təlimlər 150 gənci əhatə edib. Təlim zamanı gənclərə mövzü ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc mövzularda ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltif olunma mərasimi baş tutub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 49 rayonunun 75 kənd və qəsəbələrindən 1400-dən çox gəncin iştirakı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə