“Bakı Metropoliteni”ndə rüşvət qalmaqalı

Qurumun sözçüsü deyilənləri təkzib edib
“Bakı Metropoliteni”ndə rüşvət qalmaqalı

"Bakı Metropoliteni" QSC rüşvət qalmaqalı ilə çalxalanır. SİA-nın etibarlı mənbələrdən aldığı məlumata görə, qurumun insan resursları şöbəsinin rəisi Azər Süleymanov korrupsiya faktına görə, işdən uzaqlaşdırılıb. Metropolitenin sədri Zaur Hüseynova yaxınlığı ilə bilinən şöbə rəisinin qanunsuz əməli daxili araşdırmalarla təsdiqini tapıb. Onun bu hərəkəti qurum rəhbərini bərk qəzəbləndirib və Azər Süleymanov işdən qovulub. Deyilənlərə görə, onun iş otağının qapısına möhür də vurulub. Mənbəmizin sözlərinə görə, Azər Süleymanov əvvəllər "Azersun Holdinq"də çalışıb və oradan da rüşvət faktı ilə bağlı uzaqlaşdırılıb.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevi isə deyilənləri təkzib edib. Qurum sözçüsünün sözlərinə görə, Azər Süleymanov işdən çıxarılmayıb: "Bunu xəbər kimi yazmaq kiminsə oyununa alət olmaq deməkdir. Hətta deyirlər ki, sözügedən şəxs haqqında guya korrupsiya idarəsi cinayət işi açıb, həbs edilib. O adamı ləkələmək istəyirlər. Elə bir hadisə olmayıb."

Xatırladaq ki, bir müddət əvvəl metropolitenin yol hərəkəti xidmətində də rüşvət qalmaqalı yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə