Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlərin ifadələri dinlənilib.
Əvvəlcə şahid Rasim Qəhrəmanovun fikirləri alınıb. O bildirib ki, 1998-ci ildən təqsirləndirilən Miryusif Mahmudovun sürücüsü olub: "Yanğın baş verən gün M. Mahmudovu yanan binaya aparırdım. Mən də avtomobildə gözlədim. Sonra Miryusif müəllim gəldi və gördüm ki, onun rəngi ağarıb və özünü yaxşı hiss etmir. Maşında sakitləşdirici dərman vardı, onu qəbul etdi. Sonra "evə sür" dedi, amma yolda ona zəng gəldi. Mənə dedi ki, MTN-dən zəng ediblər, ofisə getməliyik. Saat 12:00 radələrində ofisə çatdıq, həyətdə naməlum adamlar vardı. Sonra Miryusif müəllimlə iki nəfər tanımadığım adam gəldi. Maşına oturdular, MTN-nə getdik".
Digər əlavə şahid Elbrus Sultanov ifadəsində bildirib ki, "Global Constuction" MMC-də mühafizəçi vəzifəsində çalışıb: "Yanğın hadisəsi baş verən gün saat 11:00 radələrində şirkətin qapısı sərt şəkildə döyüldü və 3-4 nəfər mülki geyimli MTN əməkdaşı içəri daxil oldu. Qapını da bağladılar, biri də mənim yanımda dayandı. Təxminən yarım saat sonra Miryusif müəllim şirkətə gəldi".
Şahid Zaur Əbilov isə deyib ki, 2012-ci ildən "Global Constuction" MMC-də menecer vəzifəsində çalışıb: "Təsisçilər şirkətin idarə edilməsinə müdaxilə etməyiblər. Yanğın baş verən gün ofisdəydim. Ön qapı döyüldü, 4 nəfər şəxs içəri daxil oldu. MTN əməkdaşları vəsiqə göstərərək, yuxarı qalxdılar. Onları İlqar müəllim qarşıladı. MTN əməkdaşları şirkəti mühasirəyə almışdı və şirkətdə olan sənədləri araşdıraraq, özləri ilə apardılar".
Digər şahid Samir Əsgərov isə bildirib ki, "Global Constuction" MMC-də mühafizəçi vəzifəsində çalışıb. O da, şirkətə eynilə MTN-in əməkdaşlarının gəldiyini söyləyib.
Sonra məhkəmənin növbəti prosesi noyabrın 22-i saat 12:00-a keçirilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB