"Münaqişə zonasına gedən jurnalistlərə təlimlər keçirilməlidir"

"Münaqişə zonasına gedən jurnalistlərə təlimlər keçirilməlidir"

"İnformasiya agentlikləri yeni çağırışlarla üzləşir". SİA-nın xəbərinə görə, bunu Bolqarıstan BTA agentliyinin baş direktoru Maksim Minçev Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində sessiyada çıxış edərkən deyib.

O bildirib ki, münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi sualına birmənalı cavab vermək çətindir: "Jurnalistlərin münaqişə zonasında fəaliyyəti şəxsi azadlığını çərçivəyə salır, həyatına təhlükə yaradır. Həmrəylik bizim ən güclü silahımızdır".

Daha sonra çıxış edən AzərTAC-ın Almaniya üzrə xüsusi nümayəndəsi Vüqar Seyidov münaqişə zonalarında çalışan jurnalistlərin işinin daha ağır olduğunu söyləyib. V.Seyidov Suriyada münaqişə zonasında çalışan jurnalistlərin casusluqda ittiham edilərək həbs olunması halları olduğunu və tanıdığı jurnalistlərdən ikisinin də belə halla üzləşdiyini bildirib: "Münaqişə zonasına gedən jurnalistlərə təlimlər keçirilməlidir. Tamamilə olmasa da, bu, münaqişə zonalarında jurnalistlərin nisbətən təhlükəsiz fəaliyyətinə zəmin yaradar".

V.Seyidov münaqişə zonasında jurnalistlərin fəaliyyəti ilə bağlı ABŞ və Avropada müəyyən qurumların keçdiyi təlimlərdən söz açıb: "Jurnalist münaqişə bölgələrində heç vaxt üzərində silah daşımamalıdır. İzdiham qarşısında dayanan jurnalist heç vaxt icazəsiz kompüteri açmamalı, diktafonu çıxarmamalıdır. Cəbhə bölgəsində jurnalist bir tərəflə bağlı məlumatı digərinə çatdırmamalıdır. Jurnalist münaqişə bölgələrində pul vəsaitlərini nümayiş etdirməməli, mobil telefondan yalnız danışıq üçün istifadə etməlidir. Açılan atəşin hansı istiqamətdə getdiyini müəyyənləşdirməyə çalışılmamalıdır. Jurnalist müharibə olmuş zonalarda çox gəzməməlidir. Jurnalistlər münaqişə zonalarında üfüqi vəziyyətdə hər tərəfi görməyə çalışmalıdır. Jurnalistlər münaqişə bölgələrində mövqeyini dəyişmək istəyirsə, təhlükəsizliyə əmin olduqdan sonra yerini dəyişməlidir. Bu təlimatları müharibə, münaqişə bölgələrində olmuş jurnalistlər hazırlayıb və "Sərhədsiz Jurnalistlər' təşkilatı öz saytında yerləşdirib".

Bununla da tədbir çərçivəsində sessiyalar başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə