MDB DİA Rəhbərləri Şurasının XXII iclası keçirilib

MDB DİA Rəhbərləri Şurasının XXII iclası keçirilib

Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib. SİA-nın məlumatına görə, İnformşuranın iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxil edilib.

İclası açan TASS-ın baş direktoru, İnformşuranın sədri Sergey Mixaylov qonaqpərvərliyə görə Azərbaycan prezidentinə, Azərbaycan xalqına və AzərTAC-ın baş direktoru Aslan Aslanova təşəkkür edib. S.Mixaylov İnformşuranın ötən dövr ərzində fəaliyyəti barədə məlumat verib.

AzərTAC-ın baş direktoru Aslan Aslanov deyib ki, İnformşura xalqlar arasında dostluq əlaqələrinin inkişafında, humanitar əlaqələrin gücləndirilməsində, turizm imkanlarının tanınmasında mühüm rol oynayır: "Bizim üçün çox əlamətdar ki, İnformşuranın iclası Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilən iclası ilə eyni vaxta düşüb. TASS agentliyinə qurumun fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edirəm".

Beynəlxalq Qızıl Xaç Komitəsinin regional nümayəndə heyətinin direktor müavini Qotye Lefevr Beynəlxalq Qızıl Xaç Komitəsinin MDB məkanında fəaliyyəti barədə danışıb. Q.Lefevr Beynəlxalq Qızıl Xaç Komitəsinin arxivində münaqişə zonalarında çəkilmiş unikal fotoşəkillər olduğunu qeyd edib: "Bu fotoşəkillər tək zorakılığı yox, münaqişə qurbanlarına humanitar dəstəyi də əks etdirir".

Daha sonra iclas mətbuata qapalı davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə