Kimya İnstitutunun yubileyinə həsr olunmuş Elmi Konfrans (FOTOLAR)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun 80 ildə şərəfli yol keçdiyini, hazırda onun, Kimya Elmləri Bölməsinin aparıcı elmi-tədqiqat institutlarından biri olduğunu qeyd edib. Müasir dövrün çağırışları və kimya elmi qarşısında duran əsas vəzifələr haqqında danışan akademik Akif Əlizadə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kollektivinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara işlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi qurumun yaranma tarixi, onun keçdiyi yol, vaxtı ilə institutda işləmiş görkəmli kimyaçılar, onların ixtiraları, kimya elminə verdikləri töhfələr haqqında məlumat verib. Bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının nəzdində yaradılıb. Alim 1965-ci ildə Kimya İnstitutunun adının dəyişdirilərək Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutu adlandırıldığını xatırladıb. Vurğulayıb ki, elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi ilə fəaliyyət göstərən "Nəzəri problemlər şöbəsi" əsasında Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu təşkil olunub. D.Tağıyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2002-ci ildə bu iki İnstitutun birləşdirilərək AMEA-nın akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradıldığını, 2014-cü il tarixli qərarına əsasən isə institutun adının yenidən dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırıldığını diqqətə çatdırıb.
İnstitutun son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğulayan akademik impakt faktoru yüksək olan nüfuzlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artdığını, innovasiya xarakterli işlərin yerinə yetirildiyini, bəzi işlərin tətbiq olunduğunu, gələcəkdə institutun elmi simasını müəyyən edəcək perspektiv elmi istiqamətlər üzrə tədqiqatların başlandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitenin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov və digərləri institut kollektivini 80 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarında onlara uğurlar arzulayıblar.
Tədbir fasilədən sonra öz işinə məruzələrlə davam edib. Tədbir çərçivəsində bir sıra gənc alimlərin çıxışları və stend məruzələri təşkil olunub.
Noyabrın 16-da konfrans öz işinə ayrı-ayrı seksiyalar üzrə davam edəcək.



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB