Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır

Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Gənclər siyasəti haqqında" qanuna təklif edilən dəyişiklər və əlavələr müzakirə edilib. Müzakirələr zamanı çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müasir dünyada qlobal çağırışlar gənclər siyasəti haqqında qanuna dəyişikliyi zəruri edir.

Onun sözlərinə görə, dünyada yeni çağırışlar olduğundan azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmiləşdirməyə ehtiyac yaranıb: "Bütün bunları nəzərə alaraq, gənclər siyasətini daha da təkmilləşdirmək istədik".

Müzakirələr zamanı komitə sədri Fuad Muradov qeyd edib ki, Ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti mövcud qanun dəyişikliyi labüd edir.

O bildirib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var: "Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Müdəalarda aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanunda daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Bundan əlavə, məşğuluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyeklərin pulsuz istifadə etmək imkanları yaradılmalıdır. Eyni zamanda, gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bri sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən, gənclərin dini ekstremist və radikla qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub. Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yülksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Layihəyə təklif olunan əlavələrə əsasən, Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır.

Qanuna əlavə edilən 10.4-cü maddədə bildirilir ki, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil edilir. Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Layihənin ictimai müzakirəsi davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə