Bakıda beynəlxalq seminar keçirilir YENİLƏNİB - SƏS TV

Bakıda beynəlxalq seminar keçirilir YENİLƏNİB - SƏS TV

Bakıda "Universitetlərdə, elmi tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi tədqiqat fəaliyyəti" mövzusunda beynəlxalq seminar keçirilir. SİA-nın xəbərinə görə seminar "Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"un həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı" çərçivəsində Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümundünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə keçirilir.

Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil naziri Mikayıl Cabbarov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, ÜƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr Departamentinin müdiri Mixail Svantner və digərləri iştirak edir.

Seminarda ilk çıxış edən təhsil naziri Mikayıl Cabbarov söyləyib ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: "Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər. İstənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir. Burada həm maddi, həm də qeyri-maddi alətlər nəzərdə tutulur. İstənilən texnologiyanın gündəlik həyatda tətbiqi təmin edilmədən onun dəyəri yalnız bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olaraq qalır, lakin ölkənin inkişafında rolu məhdud qalır".

Seminar haqqında fikirlərini söyləyən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib ki, tədbirin əsas məqsədi ölkə başçısının hökumətin qarşısına qoyduğu əsas vəzifə ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı, ekspert potensialının artırılmasıdır ki, bununla bağlı müvafiq tədbirlər görülür. Bugünkü tədbirin də əsas məqsədi elmlə iqtisadiyyat və sənayeni bir araya gətirməkdən ibarətdir. Əsas məsələ elm, təhsil və tədqiqat müəssisələrində əqli mülkiyyət obyektlərinin yığılması və onların düzgün, effektiv idarə olunmasından ibarətdir. Bir sözlə desək məqsədimiz ixrac potensialını, elmlə, təhsil müəssisələri birləşdirib innovativ məhsul əldə etməkdən ibarətdir.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxışında bildirib ki, əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması ilə zəncirvarı bağlıdır, çünki, biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır: "Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır, yeni texnologiyalar universitetdən sənayeyə çatdırılmalıdır. Universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsili tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik kommersiyalaşmış texnologiyaları çatdıranlar olmalıdır: "Universitetlərin elmi-tədqiqat institutlarının rəsmi hüquq mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetinin strateji resursuna çevrilməlidir".

Konfransın davamında ÜƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr Departamentinin müdiri Mixail Svantner çıxış edib. O qeyd edib ki, Bakıda keçirilən seminar əqli fəaliyyət nəticələrini iqtisadiyyata və sənayeyə tətbiq etmək istiqamətində mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu, cəmiyyətin gələcək inkişafında böyük rola malik olacaq: "Seminarda əsas məqsəd insan kapitalına əsaslanan əqli fəaliyyət nəticələrinin, onların əqli mülkiyyətə çevrilməsinə dair elmi və təhsil sahəsindəki müvafiq vəzifələr haqqında müzakirələr aparılacaq. Bununla bağlı dünya təcrübəsi və qanunvericilik, normativ hüququ və təlimat bazasının təkmilləşdirilməsi təklifləri irəli sürüləcək".

Seminar məruzələrlə davam edib.

Qeyd edək ki, seminar işinə sabah yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə