“Əl Cəzirə”nin əməkdaşları “Yaşıl çay” fermer təsərrüfatında FOTOLAR

“Əl Cəzirə”nin əməkdaşları “Yaşıl çay” fermer təsərrüfatında FOTOLAR

"Əl-Cəzirə" telekanalının Türkiyə bürosunun müxbiri Omar Kaşram və operator Hakan Bayginar AR Mədəniyyət Nazirliyinin xətti ilə Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-nin plantasiyalarından reportaj hazırlayıblar. SİA-nın Cənub bürosunun məlumatına görə, məşhur Əl-Cəzirə telekanalının əməkdaşlarını təsərrüfatın direktoru Araz Yağubov və müəssisənin bir qrup işçisi qarşılayıb.

Qonaqlar təsərrüfatın nisbətən yaşlı çay plantasiyalarına baş çəkməklə yanaşı, yeni salınan sahələrdə işin gedişinə böyük maraq göstərərək lentə alıblar. Araz Yağubov təsərrüfatın yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə edilmiş uğurlar və gələcək planları barədə geniş məlumat verib. Bildirib ki, çayçılıq sahəsində fərəhli nəticələr əldə edilib, müasir texnologiyalardan və Azərbaycan üçün yeni çay sortundan istifadə etməklə qısa müddətdə çay sahələrinin həcmi 61 hektara çatdırılıb. Kolların cavan olmasına baxmayaraq bunun 42 hektarında artıq yaşıl çay yarpağı yığımına başlanıb. Cari ildə sahələrdən 90 tona yaxın məhsul dərilib. Yığılan çay yarpağının bir hissəsi təsərrüfatın mini emal sexində emal edilərək qablaşdırılıb. Ekoloji cəhətdən təmiz çay məhsulu mütəxəssislər və alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Burada gələcəkdə çay sahələrini daha da genişləndirmək və "Çay emalı kompleksi"nin tikilməsi nəzərdə tutulur.

Omar Kaşram Azərbaycanda sahibkarlıq üçün yaradılan şəraitdən məmnun olduğunu, bunu "Yaşıl çay" fermer təsərrüfatının timsalında əyani şəkildə gördüyünü bildirib. Və burada hazırlanan reportajın seyrçilər üçün böyük maraq doğuracağını, xüsusən də ərəb investorları nın xüsusi iqlim şəraitinə malik cənub bölgəsinə sərmayə qoymağa həvəs oyadacaqdır.

Sonda qonaqlara "Yaşıl çay"FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim edilib.

Çay plantasiyalarının önündə xatirə şəkilləri çəkdirilib.

Sərraf Talıbov


Bütün xəbərlər Facebook səhifəmizdə