“ASAN Akademiya” növbəti məzunlarını yola salıb

“ASAN Akademiya” növbəti məzunlarını yola salıb

Bu gün "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya" növbəti məzunlarını yola salıb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, "ASAN Könüllüləri" Gənclər Təşkilatı artıq üç ildir fəaliyyət göstərir.

Bu üç il ərzində təşkilat 130-a yaxın layihə həyata keçirib. "Asan Akademiya" da bu uğurlu layihələrdən biridir. Layihə çərçivəsində bugünədək 120-yə yaxın gənc müxtəlif praktiki təlimlərə cəlb olunub. Sevindirici haldır ki, bu layihənin iştirakçılarının əksəriyyəti "Asan Xidmət" mərkəzlərində, digər dövlət orqanlarında, asan kadr xətti ilə özəl sektorlarda müxtəlif işlə təmin olunublar.

Qeyd edilib ki, Akademiyaya müraciət etmiş 555 nəfərdən seçilmiş 40 gənc layihəni uğurla başa vuraraq məzun olub. İki ay davam edən layihədə iştirakçılar öz sahələrinin peşəkarları tərəfindən keçirilən psixoloji hazırlıq, biznesin təşkili, şəxsi inkişaf və digər mövzularda müxtəlif təlim və praktiki məşğələlərdə iştirak ediblər.

Mütəmadi olaraq keçirilən "Asan Akademiya" layihəsinin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verməklə onlara gələcək karyeralarına ilk addım atmaqda yardım etməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, idman yarışlarında respublikamızı layiqincə təmsil etdiklərindən danışıb.

Qurumun fəaliyyətindən söz açan F.Hacıyev bildirib ki, Fond Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə 2011-ci ildə yaradılıb. Əsas məqsədi hər bir Azərbaycan gəncinə öz düşüncəsini, fikrini, təşəbbüsünü reallaşdırmaq üçün imkan yaratmaqdır. Bu gün istənilən gənc Fonda müraciət edir, layihə qazanır və öz ideyasını reallaşdıra bilir. Fond maraqlı layihələri daim dəstəkləməyə çalışır. O, bu gün Azərbaycanın öz gəncliyini yetişdirməyə qadir bir dövlət olduğunu söyləyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. O, ölkəmizdə gənclər siyasəti sahəsində mühüm işlər görüldüyünü deyib. V.Quliyev qeyd edib ki, hazırda Azərbaycanın 30-dan çox regionunda gənclər evi fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin başçısının gənclərə, onların problemlərinə xüsusi diqqət ayırdığını göstərir.

"Asan Akademiya" layihəsinin əhəmiyyətinə toxunan Vüsal Quliyev gənclərə müxtəlif bilik və bacarıqların aşılanmasının vacibliyini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Vüsal Hüseynov və Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Fuad Babayev çıxış edərək könüllülərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində "ASAN Akademiya" layihəsinin rolunun danılmaz olduğunu söyləyiblər.

Sonda məzunlara diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə