BANM-da “İlin gənc tədqiqatçısı” müəyyənləşdi

BANM-da “İlin gənc tədqiqatçısı” müəyyənləşdi

Bakı Ali Neft Məktəbində (BANM) müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasında keçirilən "İlin gənc tədqiqatçısı" müsabiqəsinin yekun mərhələsi keçirilib. BANM-dan SİA-ya verilən məlumata görə, müsabiqənin qaydalarına uyğun olaraq, hər bir kafedra tərəfindən son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş 3 tələbənin elmi işi müsabiqəyə təqdim edilib. Sonrakı mərhələdə rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən həmin işlər ayrı-ayrılıqda qiymətləndirilib. Bu zaman elmi rəhbərlərin münsiflər heyətinin tərkibinə daxil edilməsinə və hər hansı münsifin işlədiyi kafedradan təqdim olunan işlərin qiymətləndirilməsində iştirakına icazə verilməyib. Münsiflərin qiymətləndirilməsinin nəticələrinə görə 3 tələbənin elmi işi müsabiqənin yekun mərhələsinə təqdim edilib.

Yekun mərhələdə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılıb. Komissiya üzvləri tələbələrin məruzələrini dinləyib, suallar verib, hər komissiya üzvü fərdi şəkildə təqdimatları qiymətləndirib.

Nəticədə "Kimya mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Nicat Qasımov "Yaşıl nanotexnologiyalardan istifadə etməklə suyun təmizlənməsi" mövzusunda elmi-tədqiqat işinə (elmi rəhbər dosent Əmir Vəxşuri) görə "İlin gənc tədqiqatçısı" elan edilib. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 4-cü kurs tələbəsi Leyli Abbasova "Matlab proqram təminatı əsasında neyron şəbəkələrinin layihələndirilməsi" elmi-tədqiqat işinə (elmi rəhbər dosent Nailə Allahverdiyeva) görə müsabiqədə 2-ci , "Kimya-mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Kamran Əliyev "Xəzər dənizində dalğa enerjisinin potensialı" mövzusunda elmi-tədqiqat işinə görə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin qalibi Nicat Qasımov xüsusi diplom və mükafata layiq görülüb, onun məruzəsi BANM-də II Azərbaycan Elm Festivalı çərçivəsində keçirilən elmi-ədəbi-bədii tədbirin proqramına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə