FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 10 noyabr 2016-cı il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə "SOCAR Petroleum" QSC-nin 11 nömrəli Lənkəran Neft Terminalı Bazasında "Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması" mövzusunda müşavirə keçirilib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, müşavirənin işində Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və "SOCAR Petroleum" QSC-nin 11 nömrəli Lənkəran Neft Terminalı Bazasının kollektivi iştirak edib. Müşavirədə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım, mülki müdafiə hazırlığının təşkili barədə məlumat verilib. Toplantıda, həmçinin fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə qaydalarından söz açılıb. Daha sonra idarə və müəssisələrin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb. Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilib, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə