Dünən Yardımlı rayon məhkəməsinin qərarı ilə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan (qeydiyyat yeri Yardımlı rayon Abasabad kəndi olan - red.) vətəndaş Həsənov Rahil Hüseynağa oğlu banka borclu olduğuna görə həbs edilib. SİA-ya daxil olan məlumata görə, məhkəmə Unibankın iddiası əsasında vətəndaş barəsində 20 sutka həbs qərarı çıxarıb.
Yaxınlarının verdiyi məlumata görə, Həsənov Rahil hazırda Yardımlı rayon polis şöbəsində saxlanılır. 4 övlad atası olan Həsənov Rahilin xəstə anası da onun himayəsində yaşayır. Heç yerdə işləmir.
Məsələ ilə bağlı Unibankla əlaqə saxladıq. Bankdan vətəndaşı hansı məbləğdə borca görə həbs etdirdiklərini soruşduq. Özünü təqdim etməyən bank əməkdaşı cavabında bildirdi ki, düz eləmişik, bizə kimin borcu olsa, ödəməsə, hamısını həbs etdirəcəyik.
Həsənov Rahilin yaxınlarının redaksiyamıza verdiyi məlumata görə, o istehlak kreditini ödəyə bilmədiyinə görə, yəni az məbləğdə krediti qaytara bilmədiyinə üçün həbs olunub. Bildirilib ki, Həsənov Rahil bank əməkdaşları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb, hətta gecə saatlarında da Unibankın əməkdaşları onun qapısını döyüb, telefonuna zəng edərək krediti qaytara bilməyəcəyi təqdirdə həbs etdirəcəkləri xəbərdarlığını ediblər.
Unibanka dəfələrlə etdiyimiz zənglərdən sonra bankın mətbuat xidmətinin rəhbəri Sülhiyyə Şirinova ilə əlaqə yarada bildik. Vətəndaşın istehlak kreditinə görə həbs olunmasına şərh vermək istəmədiyini bildirən S.Şirinova qeyd etdi ki, bu barədə heç bir izahat verə bilməz: "Siz banka ərizə- məktubla müraciət edin, o zaman sizin sualınızı cavablandırarıq".
Məsələ ilə bağlı Yardımlı Rayon Məhkəməsinin katibi Tahiq Quliyevin SİA-ya verdiyi məlumata görə, Həsənov Rahil Hüseynağa oğlu haqqında 10.11.2016-ci il tarixində həqiqətən də hakim İlqam Həsənquliyevin qərarı ilə 20 sutkalıq həbs qətimkan tədbiri seçilib: "Mən başqa heç bir izah verə bilmərəm. Bu hakimin qərarıdır. Onun banka borcu olub və borcu ödəməyib, ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq pulu ödəməyib. Məhkəmə də onun haqqında axtrarış verib və sonda həbs edib".
Həsənov Rahilin anası Nəsibə Əmrahovanın SİA-ya verdiyi məlumata görə, oğlu heç yerdə işləmir: "Bank oğlumu dəfələrlə zəng vurub hədələyirdi ki, səni həbs etdirəcəyik. İstədiklərinə nail oldular. Oğlum məhkəmədən, borcu ödəməkdən heç vaxt yayınmayıb. Guya pulu ödəmək istəməyib. Tamamilə yalandır. Bizə xəbərdarlıq da gəlməyib, heç rəsmi məktubla da bizim evə xəbərdarlıq etməyiblər. Cəmi 10 dəqiqənin içərisində oğlumu həbs edib məhkəməyə çıxarıblar".
Bank borcuna görə vətəndaşın həbs olunmasına münasibət bildirən hüquqşünas Amid Məmmədov SİA-ya açıqlamasında qeyd edib ki, məhkəmə humanizm prinsipinə əsaslanmalı idi: "Çünki həbs edilən vətəndaşın himayəsində 4 uşaq və xəstə anası var. Ümumiyyətlə, bu qərar çox sərtdir. Məhkəmə onu cərimə də edə bilərdi. Ancaq ailə başçısını həbs etməklə bütünlüklə ailəni çıxılmaz vəziyyətə salıb. Şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşaqları var, bu nəzərə alınmalı idi. Ailə 20 gün ərzində necə dolanacaq? Hesab edirəm ki, bu qərar vətəndaşa qarşı çox sərt olub".
Hüquqşünas Fəxrəddin Alıyev məsələyə münasibət bildirərkən qeyd edib ki, banklar insanlara qarşı çox sərt davranırlar: "Unibank məhkəmələrdən tələb edir, hətta bir çox hallarda təzyiq göstərirlər. Vətəndaş Rahil Həsənovun həbsi tam qanunsuzdur. İstehlak kreditinə görə, özü də tabeliyində azyaşlı uşaqların olduğu ailə başçısının həbs edilməsi qanunaziddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB