Noyabrın 10-da 2016-cı ilin may ayının 17-də ermənilərin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhid Natiq Tahirlinin doğum günü qeyd edilib. 2015-ci ildə bitirdiyi 12 saylı orta məktəbdə keçirilən anım tədbirində şəhidin yaxınları, sinif yoldaşları, müəllimləri iştirak edirdi.
Əvvəlcə Ermənistanın Azərbaycana qarşı silahlı təxribatları nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Nizami rayon Veteranlar Təşkilatının sədri Yəhya Ağayev və başqaları deyiblər ki, bu gün Azərbaycan Ordusu nəinki bölgənin, hətta dünyanın ən güclü ordularından biridir.
Təmas xəttində bu il aprelin 1-dən 2-nə keçən gecədən başlanan təxribat nəticəsində Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyi, ermənilərin ətraf rayonları nəzarətdə saxladığı yüksəkliklərin əsgərlərimiz tərəfindən azad edildiyi də xatırlanıb.
Qeyd olunub ki, bununla da Azərbaycan ordusu gücünü, qüdrətini düşmənlərə layiqincə göstərdi. Əsgərlərimizdəki vətənpərvərlik hissi ilə yanaşı, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha sübut edir ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.
Vurğulanıb ki, Azərbaycan əsgərləri hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bildirilib ki, döyüş tapşırıqlarını çətin şəraitdə, yüksək səviyyədə yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və onun təmin olunmasında şəxsən iştirak etməkdir. Azərbaycan Ordusu hər an döyüşə hazırdır və bizim inamımız yalnız igid əsgərlərimizədir.
Tədbir iştirakçıları Natiq Tahirlinin valideynlərinə Vətənə layiqli övlad yetişdirdikləri üçün bir daha təşəkkür etdilər. Tədbirin təşkilinə görə minnətdarlığını bildirən Natiq Tahirlinin yaxınları isə qeyd ediblər ki, cəmiyyətimiz daim şəhidlərimizin adını uca tutur, onları ehtiramla yad edir. Dövlətimiz də öz növbəsində şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır.
Sonda ədəbi-bədii hissə olub, şəhid haqqında slaydlar nümayiş etdirilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB