"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” konfransı keçirilib YENİLƏNİB
Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin respublika konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Ə.Həsənov bildirib ki, müstəqilliyimizin 25 illiyi müxtəlif tədbirlərlə qeyd edilir: "Bu tədbirlərin zirvəsi Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim oldu. Həmin tədbirdə dövlət başçısının proqram xarakterli çıxışında ölkəmizin 25 ildə keçdiyi yola nəzər salındı, həmçinin gənclərlə bağlı da məsələlərə toxunuldu. Bugünkü gənclik gələcəyimiz üçün optimist olmağa imkan verir. 90-cı illərin əvvəlində gənclər hakimiyyət uğrunda mübarizə aparan insanların ambisiyalarının girovuna çevrilmişdi. Hakimiyyət uğrunda mübarizədə onlar bir-birinə qarşı çevrilmişdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən birini gənclərlə keçirdi və bu görüşün böyük əks-sədası oldu. Bundan sonra gənclər və idman sahəsi ilə məşğul olan ayrıca qurum yaradıldı. Yəni gənclər siyasəti dövlətin əsas prioritetlərindən birinə çevrildi".
Ə.Həsənov əlavə edib ki, Gənclər Gününün təsis edilməsi, dövlət proqramlarının qəbulu və bu istiqamətdə görülən digər işlər gənclərin inkişafına yönəlib: "Gənclər sahəsində görülən işləri sadalamaqla qurtarmaz. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bizim gənclik bütün səviyyələrdə dövlətimizi təmsil etməyə hazırdır və təmsil də edir. Gənclərimiz diplomatik qurumlarda, böyük şirkətlərdə çalışırlar. Bu gəncliklə gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Digər tərəfdən yaşlı nəslin təcrübəsi gənclər üçün çox vacibdir. Gənc nəslin enerjisi yaşlı nəslin təcrübəsi ilə uzlaşanda çox əhəmiyyətli bir nəticə əldə olunur".
Gənclər və idman naziri Azad Rəhimov gənclər və idman sahəsində 25 ildə əldə olunan uğurlardan danışıb. O bildirib ki, müasir Azərbaycan müstəqilliyinin ilk illərində ağır sınaqlardan keçdi. Həmin dövrdə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev həyata keçirdiyi uzaqgörən siyasəti ilə ölkəmizi parçalanmaqdan qutardı: "Bu gün Azərbaycan dünyadakı yeni qlobal çağrışlara uyğun yeni islahatlara start verib. Ölkəmizdə müstəqilliyimizin yaşıdı olan gənclər ordusu var. Bu gün əhalinin 27 faizini gənclər təşkil edir. Ölkəmizin 38 regionda gənclər evi yaradılıb, gənclər sahəsində 300-dən çox QHT fəaliyyət göstərir. Gənclərin fəaliyyəti tək paytaxtda deyik, regionlarda da güclənib".
Millət vəkili Fuad Muradov gənclər sahəsində həyata keçirilən siyasətdən bəhs edib. Bildirib ki, Milli Məclisdə Gənclər və idman Komitəsinin fəaliyyətə başlaması qanunvericilik bazasını daha da təkmilləşdirəcək. O, komitənin fəaliyyəti, qanun layihələri barədə də məlumat verib.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu fondun dövlət başçısının təşəbbüsü ilə yarandığını deyib. Əlavə edib ki, gənclərin fərdi olaraq layihələrinin maliyyələşməsi unikal bir hadisədir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ötən 25 ildə gənclərimiz böyük inkişaf yolu keçib. Gənclər bütün dünyada Qarabağ həqiqətlətini, Xocalı soyqırımını çatdıra biliblər.
Millət vəkili əlavə edib ki, son 25 ildə Azərbaycanda fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu isə Azərbaycan gəncinin vətənə bağlılığını göstərir: "Aprel döyüşləri sübut etdi ki, gənclərimiz düşmənlə sona qədər döyüşmək əzmindədir. Ümummilli lider Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün Azərbaycan gənclərinin səsinin Avropadan, ABŞ-dan gəldiyini, gənclərimizin diaspor işində fəal iştirak etdiyini deyib: "Müstəqilliyimizin ilk illərində sağlam gənclikdən söhbət gedə bilməzdi. Bu gün isə Azərbaycan gəncliyi özünün intibah dövrünü yaşayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB