"Televiziya sahəsində 20 ildir çalışmağıma baxmayaraq, ötən gün Ölkə başçısı tərəfindən "Əməkdar jurnalist" adına layiq olunanlar sırasında mənim də adımın olacağını gözləmirdim". Bunu SİA-ya telejurnalist Nəsimi Nəbizadə ad alması ilə bağlı təəsüratlarını bölüşərkən deyib.
Mükafat alması ilə bağlı böyük sevinc hissi keçirdiyini deyə telejurnalist onu bu ada layiq görən Dövlət Başçısına təşəkkür edib: "Mükafat təkcə mənim deyil, həm də tamaşaçılarımındır. Çünki, bizə belə uğurları qazandıran məhz tamaşaçı sevgisidir. Hər kəsə bu gözəl hisləri yaşamağı arzu edirəm. Səhəsindən asılı olmayaraq, qoy layiq olanlar tezliklə öz mükafatlarını alsınlar".
Jurnalist peşəsinin məsuliyyətli olduğunu deyən N.Nəbizadə qeyd edib ki, mükafat alanlar bundan sonra öz fəaliyyətlərində daha da məsuliyyətli olmalıdırlar: "Mən zarafatı çox sevirəm. Bu xüsusiyyətimə görə bir çoxları məni qeyri-ciddi qəbul edir. Amma bizim işimiz elədir ki, o bizi hər gün, hər an məsuliyyətli olmağa məcbur edir. Təltif olunan bütün həmkarlarımı ürəkdən təbrik edirəm".
Telejurnalist təltif olunmağında bütün müəllimlərə borclu olduğunu da qeyd edib: "Mən Qərb Universitetində təhsil almışam. Ümumiyyətlə 1-ci sinifdən ali məktəbə qədər dərs aldığım bütün müəllimlərimə minnətdaram. Onların əziyyəti bu gün öz qiymətini aldı. Təbii ki, təhsilim onlarla məhdudlaşmır, indiyədək öyrənirəm".
Qeyd edək ki, Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin əsası 1991-ci ildə qoyulub və hal-hazırda ölkənin aparıcı universitetlərindən birinə çevrilib.
Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür.
Qərb Universiteti məzunlarının komanda üzvü, novator, lider kimi bilik və bacarıqlarına hər bir işdə ehtiyac duyulur. 180-dan çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi 5 fakultədə 1000-dən artıq tələbə 36 ixtisas üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB