"Mövsümü şindən istifadə etməyən sürücülər cəzalandırılır" AÇIQLAMA
Qışda yollarda avtomobillərin sürüşməsinin az bir qismi sürücülərin qeyri-peşəkarlığı nəticəsində baş verirsə, digər qismi avtomobillərin qışa tam hazır olmamasında irəli gəlir. Qarlı-buzlu havalarda avtomobillərin təhlükəsiz hərəkəti üçün avtomobillərin şinlərinə xüsusi əhəmiyyət verilməlidir. Lakin nədənsə Azərbaycanda qışda şinləri dəyişdirən çox az sürücü tapmaq olar. Bəzi sürücülər bunu artıq xərclə, bəziləri ölkəmizdə havaların o qədər də sərt keçməməsi, bəziləri isə buna böyük əhəmiyyət verməməklə əlaqələndirirlər. Digər ölkələrdə bu cür hallara qarşı sərt cəzalar olsa da, bizim sürücülər niyə bu qaydalara əməl etmir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobildə təhlükəsizliyi qorumaq üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır: "Qanunvericiliyə görə qış fəslində istismar edilən hər bir avtomobillərin təkərlərində olan protektor ölçüyə uyğun olmalıdır. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Eyni zamanda təhlükəsizliyin təmini ilə bağlı mövsümü təkərlərdən istifadəyə üstünlük verilməlidir. Belə hal texniki baxış zamanı aşkarlanırsa, o mütləq şəkildə sürücünün nəzərinə çatdırılır. Bundan əlavə, yol polisi mütəmadi olaraq təbliğat apararaq mövsümü təkərlərin dəyişdirilməsi ilə bağlı məsələləri sürücülərin diqqətinə çatdırmağa çalışır. Hazırda qış mövsümünə keçmişik və bununla bağlı sürücülərə xəbərdarlıq da edilib. Ümumiyyətlə, sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar".
V. Əsədov qeyd edib ki, noyabrın 1-dən 5-dək 140 avtomobil sürücüsü texniki baxışdan keçmədiyinə görə məsuliyyətə cəlb edilib: "Onlar arasında həm avtobus, həm yük, həm də minik avtomobil sürücüləri var. 140 sürücü məhz protektorların ölçüyə uyğun olmaması və mövsümü təkərlərdən istifadə etmədiklərinə görə cəzalandırılıblar. Ümumiyyətlə, bütün sürücülərin qanunvericiliyimizə uyğun olaraq hüquq və vəzifələri var ki, onlar həmin vəzifələri yerinə yetirməyə borcludurlar. Bununla sürücülər ən azından öz təhlükəsizliklərini təmin etmiş olarlar. Tələbləri yerinə yetirməyənlər məsuliyyətə cəlb olunurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB