Fəsillər dəyişdikcə hamı fəsilə uyğun geyinməyə çalışır. Payız fəsli olsa da, havaların tez soyuması insanların da isti paltarlara olan tələbatını artırıb. Bəzi insanlar ötən ildən qalma paltarlarını geyinsə də, bəziləri yenisini almaq məcburiyyətindədir. Hər kəs öz cibinə uyğun geyim alır. Lakin insanlar özlərinə uyğun geyim tapmamaqda çətinlik çəkdiklərini, bəzi hallarda isə istədikləri geyimi almağa maddi vəziyyətlərinin çatmadıqlarını bildirirlər. Bəs bu qış hansı geyimlər dəbdədir və onları almaq üçün bizə nə qədər pul lazımdır?
SİA bu suala cavab tapmağa çalışıb. Belə ki, şəhərimizdə fəaliyyət göstərən dükanlarda satılan payız-qış geyimlərinin qiymətləri ilə maraqlandıq. Apardığımız müşahidələr qiymətlər stabil olmadığını göstərdi. Satılan yerlərdən və brendlərdən asılı olaraq qiymətlər heç də az olmayan nisbətlə dəyişir.
İlk girdiyimiz dükanda satıcı kimi fəaliyyət göstərən Orxan Maşallahoğlu bildirdi ki, gənclərin qışda ən çox müraciət etdiyi üst geyimi qısa gödəkçələrdir ki, (balonka) onların qiyməti 40-60 manat arasında dəyişir: "Əvvəlki illərlə müqayisədə bu il gənclər daha çox rəngli gödəkçələrə üstünlük verirlər. Belə ki, bu il bordo, boz, yaşıl, qara rənglli gödəkçələr daha çox satılır. İç geyimlərində ən çox alınan mallar cins şalvarlardır ki, onların da qiyməti 28-40 manat arasında dəyişir".
Digər geyim dükanının nəzarətçisi Elnarə xanım müsahibə vermək istməsə də, söhbət əsanasında bildirdi ki, mağazada yer alan mallar insanların təlabatına görə satılır : "Biz mağazada daha çox brendlərə oxşayan lakin qiyməti qat-qat aşağı olan geyimlərin satışına üstünlük veririk. Bu il 23 yaşdan sonra gənclərimizin üst geyimi olaraq daha çox paltoya üstünlük verdiklərini görürük. Paltoların qiyməti gödəkçələrə nisbətən daha bahadır. Belə ki, gödəkçələr 60-110 manat arasında dəyişirsə, paltoların qiyməti 100 manatdan başlayaraq 150 manata qədər ola bilir. İnsanlar daha çox Türkiyə istehsalı olan paltarlara üstünlük versələr də, artıq dükanlarımızda yerli brendlərə təlabatın artdığını görürük. İki ildir fəaliyyət göstərən Azərbaycan brendi keyfiyyət baxımından heç də digər ölkələrin istehsaləndan geri qalmır. Milli brendimiz qiymət baxımından digərlərindən xeyli aşağı satılır. Belə ki, Türkiyə istehsalı olan koftalar orta hesabla 30-80 manat arasında satılırsa, milli brendimiz tərəfindən tikilən koftalar 16-25 manat arasında satılır. Öz brendimiz tərəfindən istehsal olunan gödəkçələr isə 50 manata satılır".
Qiymət baxımından nisbətən baha olan dükanlar şəbəkəsində satıcı işləyən Günay Zeynalova bildirib ki, bu il xanımlarımız həm uzun həm də qısa boğazlı çəkmələrə üstünlük verirlər: "Bu ilin dəbinə uyğun olaraq alt hissəsi qalın olan çəkmələrə təlabat daha çoxdur. Qiymətə gəldikdə çəkmələr 180-300 manat arasında dəyişir. Bu ilin qış mövsümündə daha kiçik həcmli çantaların dəbdə olduğunu görmək olar ki, onların da qiyməti 70-150 manat arasında olur. Üst geyimlərə gəldikdə isə xəz-dəriyə olan təlabat digər illərlə müqayisə də daha çox artıb. Üst geyimlərində göy, qara, bordo rənglər hər zamanki kimi aktualdır. Bu il satılanlar arasında rəngli üst geyimlərinin az olmadığını görmək mümkündür. Müxtəlif tipli paltoların qiyməti 300-500 manat arasında dəyişir. Koftalar 85-140, şalvar və yubkalar 65-100 manat arasında dəyişir".
Payız-qış geyimlərindəki qiymətlərin vətəndaşları qane edib-etməməsi ilə bağlı vətəndaşlar arasında da sorğu keçirdik.
Bakı şəhər sakini Ceyla Musayeva bildirib ki, havaların tez soyuması onlar məhz bu gün alış-verişə çıxmağa məcbur edib. Anasına qış mövsümü bazarlığı edən şəhər sakini bir iki geyim almaq üçün 250 manat pul xərclədiyini deyib: "Çəkməyə 120 manat, koftaya 80 manat pul xərcləmişəm. Əvvəllər İtaliya, Türkiyə istehsalına üstünlük verirdim. Lakin hazırda Çin istehsalı ilə kifayətlənmək məcburiyyətindəyik".
Bu il qış geyimi almayan Səttar Qasımov mövsümü ötən il aldıqları ilə başa vurmaq niyyətindədir: "Bu il yeni heç nə almamışam. Qiymətlər mala görə dəyişir. Türkiyə istehsalına daha çox üstünlük verirəm. Mövsümə uyğun olaraq, ayaqqabını 50-60 manat civarında almaq mümkündür. Gödəkçələr isə 40-80 manat arasında dəyişir".
Bu il geyim ala bilməyən Bakı şəhər sakini Səbinə Əzimova isə bildirib ki, qış mövsümü ilə əlaqədar üst geyimi almaq üçün 800-1000 manat civarında pul lazımdır: " Əynimdə olan bütün geyimləri ötən il almışam. Ötən il paltomu 250 manat almışdım, bu il isə eynisinin qiyməti 780 manatdır. Ötən il çəkməmi 80 manata, çantamı isə 50 manata almışdım. Amma hazırda onları almaq üçün mənə 220 manat pul lazımdır. Yaxşı yubka və kofta almaq üçün isə ən azı 200 manat tələb olunur".
Ali məktəbdə təhsil alan tələbə Seymur Bəşirov hələlik qış geyimi almasa da, qiymətlərlə maraqlandığını deyib: "Maraqlandığım qiymətlərə əsasən gödəkcə və ayaqqabı almaq üçün 150 manat pul lazımdır. Şalvarımı 25-30 manat, koftamı isə 18-25 manat arasında ala bilirəm. İstehsal mənim üçün önəmli deyil, əsas məsələ cibimdəki pula görə geyim almaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB