Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm aylığı" çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans TED kuratoru Kris Andersonun videomüraciəti ilə başlanıb.
K.Anderson müraciətində TEDx konfranslarının mahiyyətinə və qazanılan dəyərlərə diqqət çəkib. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, təhsillə elmin vəhdəti çox vacibdir. Onun sözlərinə görə, Azərbaycanda təhsillə elmin vəhdəti var, amma yetərli deyil: "Təhsil zəifdirsə, elm daha zəif olacaq. Elm zəifdirsə, güclü texnologiya olmayacaq. Bu sahə ilə məşğul olan hər kəs təhsil və elmin vəhdət təşkil etməsinə kömək göstərməlidir".
Akademik V.Abbasov hesab edir ki, təhsildə rədris metodikası da dəyişməlidir: "Bəzən görürük ki, çox savadlı bir müəllim öz biliyini çatdıra bilmir. Deməli, metodika zəifdir". O, həmçinin elmin, təhsilin reklamının düzgün aparılmadığını deyib: "Daha az pul və tanışlıqla çəkilən reklam anti-reklama çevrilir. Təhsilin, elmin reklamını düzgün qurmaq lazımdır".
Millət vəkili Fazil Mustafa çıxışında bildirib ki, təhsilin, elmin iqtisadiyyatdan kənar düşünülməsi mümkün deyil. Təhsil və elm dövlət siyasətinin əsas prioritetlərindən biridir, dövlətin bu istiqamətdə siyasəti çox vacibdir. Millət vəkili təhsillə bağlı hüquqi tənzimləmələrin düzgün təyin edilməsinin də vacibliyinə diqqət çəkib.
UNEC-in rektoru, professor Ədalət Muradov konfransın təşkilinin əhəmiyyətindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, "Təhsil və elmin vəhdəti" mövzusunda konfransın keçirilməsi üçün bu ilin martında TED təşkilatından rəsmi lisenziya alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB