Misirlə Naxçıvan MR arasında əməkdaşlıq müzakirə olunub

Misirlə Naxçıvan MR arasında əməkdaşlıq müzakirə olunub

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan Muxtar Respublikasında səfərdə olub. SİA-ya Misir səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Diplomat əvvəlcə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyində olub. Muzeyin direktoru Ramil Orucəliyev qonağa onun yaranması tarixindən, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin böyük həyat yolu barədə və muzeydə Ümummilli Liderə məxsus saxlanılan əşyalarla, şəkillərlə tanış edərək onlar haqqında geniş məlumat verib. Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi muzeylə tanışlıqdan böyük məmnunluğunu bildirərək, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra o, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ilə görüş keçirib. Görüşdə Misir və Azərbaycan mədəni əlaqələrinin daim yüksək səviyyədə olduğu qeyd edilib və əlaqələrin inkişafında Muxtar Respublikasının rolunun vacibliyi vurğulanıb. Tərəflər arasında Naxçıvan Muxtar Respublikasında birgə layihələrin həyata keçirilməsi, Naxçıvanın adət ənənələrinə və milli folkloruna aid tədbirlərin Misirdə keçirilməsi, eləcə də Misirin tarixi və mədəniyyəti haqqında tədbirlərin Muxtar Respublikada təşkil olunması barədə, həmçinin Misirdə keçirilən beynəlxalq film festivallarında iştirak məsələləri müzakirə olunub.

Naxçıvan MR-nın Təhsil Nazirliyində keçirilən görüşdə isə MR rəhbərliyinin təhsilə göstərdiyi diqqəti və qayğının nəticəsində bu gün orta və ali məktəblərdən olan məzunların yüksək nailiyyətlər qazandığı vurğulanıb. Öz növbəsində o, Mərkəzin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Tanışlıq və əməkdaşlıq xarakteri daşıyan görüşdə Misirlə Azərbaycan arasında təhsil sahəsində bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən misirli tələbələrin MR-da təhsil almalarını və gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi, təhsil müəssisələrində Misir-Azərbaycan dostluğu barədə mühazirələrin və sərgilərin keçirilməsi mövzusunda müzakirələr edilib.

Naxçıvan Dövlət Universitetində tələbə və müəllim heyəti arasında keçirilən görüşdə qonaq həmçinin, zəngin texniki bazası, tələbələr üçün yaradılmış yüksək səviyyəli auditoriyalar, müxtəlif dillərdə dərs vəsaitlərinin olduğu zəngin kitabxanası ilə tanış olub. Universitetin Tədris işləri üzrə prorektoru Seyid Surə Muxtar Respublikada ali təhsilin inkişafına göstırilən dövlət qayğısından bəhs edərək, təhsil ocağı barədə geniş məlumat verib. O cümlədən, universitetin çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olduğu da qonağın diqqətinə çatdırılıb. Naxçıvan Dövlət Universiteti ilə tanış olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi məmnunluğunu ifadə edib və görüş üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra tələbələrin suallarını cavablandıran qonaq Universitetdə ərəb dilinə olan marağı nəzərə alaraq, Universitetdə ərəb dili dərslərinin təşkili, həmçinin Misirin nüfuzlu Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi barədə geniş məlumat verib. Əlavə olaraq Misir Universitetlərində MR tələbələrinin təhsil alması imkanları barədə məlumat verib.

AMEA-nın Naxçıvan bölməsinin tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli və AMEA Naxçıvan bölməsi, Incəsənət, dil və Ədəbiyyat Institutunun direktoru Əbülfəz Quliyevlə görüşdə Naxçıvanın tarixi, qədim abidləri haqqında geniş məlumat verilib. Tərəflər arasında Misir Azərbaycan təhsil əlaqələrinin inkişafı, qarşılıqlı əməkdaşlıq çərçivəsində misirli alimlərin AMEA Naxçıvan bölməsi ilə yaxından tanışlığı, Misirdə keçirilən beynəlxalq elmi konfranslarda MR alimlərinin, eləcə də Naxçıvan Muxtar Respublikasında keçirilən konfranslarda misirli alimlərin iştirakının, qarşılıqlı olaraq elm adamlarının hər iki ölkədə nəşr olunan elmi jurnallarda məqalələrinin çap olunmasının təşkili, Misirlə əlaqədar aparılan tədqiqat işlərində yaxından kömək göstərilməsi, habelə Misirdə Naxçıvanla bağlı əlyazmaların surətlərinin əldə olunması barədə məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə