Deputatlar “Turizm haqqında” qanun layihəsini müzakirə etdilər

Deputatlar “Turizm haqqında” qanun layihəsini müzakirə etdilər

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Turizm haqqında" qanun layihəsinin növbəti müzakirəsi keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycanda turizmin inkişafı sahəsində dövlət tərəfindən bir çox tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayan komitə sədri H.Rəcəbli qeyd edib ki, dünya turizminin reytinq siyahısında Azərbaycan turizmi 141 ölkə sırasında 36-cı yerdə dayanır.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir. Onun sözlərinə görə, Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər: "Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinləri üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdirlər. Lakin Azərbaycanda Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olması da burada nəzərə alınacaq. Bu baxımdan da biz çalışmışıq ki maksimum dərəcədə mövcüd olan problemlərin həllini bu sənədlə ortaya ataq. Sonrakı mərhələdə əsas məqsədimiz həm regional, həm də yerli səviyyədə turizm inkişafına təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz".

Daha sonra çıxış edən "Sağlamlıq və Termal Turizmə Dəstək" Assosiasiyasının sədri, "Millenium turizm konqres DMC" şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, qanun layihəsinin turizm sahəsinə dövlət dəstəyi ilə bağlı maddəsindəki dəstəkləri daha da genişləndirmək olar. Onun fikrincə, bunun üçün Türkiyə təcrübəsindən də istifadə edilə bilər.

R. Quliyev bildirib ki, orta və kiçik sahibkarlığın stimullaşdırılması nöqteyi-nəzərindən sağlamlıq turizm təsisatlarını xarici ölkələrdə təbliğ edən bütün təsisatlara dövlət tərəfindən dəstək verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə