Öldürücü turşular evdə hazırlanır MÜTƏXƏSSİS RƏYİ

Öldürücü turşular evdə hazırlanır MÜTƏXƏSSİS RƏYİ

Noyabrın 1-də Bərdə rayonunun Xanərəb kəndində 3 nəfər pomidor turşusundan zəhərlənib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulub. Ötən gün isə pomidor turşusundan zəhərlənənlərdən daha bir nəfəri də xəstəxanaya müraciət edib. 1991-ci il təvəllüdlü Məmmədova Cəmalə Zaman qızı da həmin gün pomidor turşusu yediyini və özünü pis hiss etdiyini bildirib. C.Məmmədova hazırda xəstəxanada müalicə alan və səhhəti ağır olan 5 yaşlı Cahid Məmmədovun anasıdır. Göründüyü kimi, payız fəsli gələr-gəlməz turşudan zəhərlənmə halları çoxalmağa başlayıb. Bəs hansı tuşular zəhərlənməyə səbəb olur. Yediyimiz turşularda nəyə diqqət etməliyik?

Bu barədə SİA-ya açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib ki, bu cür zəhərlənmələr daha çox ev şəraitində hazırlanan konservləşdirilən turşulardan baş verir. Onun sözlərinə görə, bazarlarda açıq şəraitdə satılan turşular olsa da hələ ki, onlardan zəhərlənmə halı qeydə alınmayıb.

Yay fəslindən indiyədək turşudan zəhərlənmə faktının yalnız noyabrın 1-də Bərdədə baş verdiyini deyən İ. Abdullayev söyləyib ki, bu hal qış fəslində artmağa başlayır: "Yay fəslindən indiyədək belə hadisə qeydə alınmamışdı. İlk hadisə o gün Bərdədə baş verib ki, onun da səbəbə ev şəraitində hazırlanan və düzgün konservləşdiriilməyən pomidor turşusu olub. Ümumilikdə götürdükdə qış fəslində belə hallarımn sayı artır. Qış fəslində ay ərzində 2-3 zəhərlənmə hadisəsinə rast gəlmək mümkündür".

Bölmə müdiri söyləyib ki, konservləşdirilmiş turşuların evdə hazırlanması üçün lazımı şərait olmadığından belə hallar insanların zəhərlənməsinə gətirib çıxarır: "Ümumiyyətlə, turşu hazırlayarkən onun texnologiyasına diqqət etmək lazımdır. Əvvəllər ev şəraitində qoyulan turşular müxtəlif qazanlarda və ya açıq halda qoyulurdu. Belə olan halda, turşudan zəhərlənmə baş verə bilməz. Amma hazırda insanlar daha çox konservləşdirilmiş turşulara üstünlük verdikləri üçün onun da ağzı qapalı olduğundan istehsal zamanı yol verilən xırda yanlışlıq zəhərlənməyə yol aça bilir. Turşunun qabı bağlandıqdan sonra o mikroblar qapalı yerdə yavaş-yavaş havasız şəraitdə inkişaf edib artmağa başlayır. Bu baxımdan ev şəraitində hazırlanan turşuların açıq şəraitdə qoyulması daha məsləhətlidir".

İ.Abdullayev əlavə edib ki, turşu qoyulduqda məhsulun yuyulmasına və sterilizə olunmasına xüsusi fikir verilməlidir: "Çox vaxt turşu bağlayarkən sterilizə etmirlər ki, tərəvəzlər təbii qalsın. Turşunun hazırlanma prosesində təmizliyə ciddi riayət etmək lazımdır. Bəzən sterilizə də məhsulun tərkibində olan mikroblar tam öldürmür. Bunun üçün məhsul qaynadılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə