“Sosial evlərin tikilməsi ölkədə 20 sahəni canlandıracaq” EKSKLÜZİV

“Sosial evlərin tikilməsi ölkədə 20 sahəni canlandıracaq” EKSKLÜZİV

"Sosial mənzil layihəsi Ölkə başçısının sosial siyasət və sosial müdafiənin təmin olunması sahəsində apardığı məqsədyönlü tədbirlərinin tərkib hissəsi, aztəminatlı əhalinin mənzil təminatının yaxşılaşdırılmasına yönələn praktik bir addımdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial sahibkarlıq komitəsinin üzvü Musa Quliyev açıqlamasında deyib.

O bildirib ki, ölkədə sosial mənzillərin tikilməsi uzun illər gözləyən vətəndaşlarımızın qısa müddətdə çox az xərclə ev sahibi olmasına gətirib çıxaracaq: "Vətəndaşlar mənzilə kirayə müqaviləsi əsasında sahib olacaq. Belə ki, vətəndaşlar həmin mənzillərin kirayə haqqını müəyyən müddət ödədikdən sonra ona tam yiyələnəcəklər. Düşünürəm ki, bu bütün vətəndaşlar üçün sərfəlidir".

Millət vəkili həmçinin söyləyib ki, ölkəmizdə sosial mənzillərin tikilməsi təxminən 19-20 sahənin canlanmasına gətirib çıxaracaq: "Sosial mənzillərin tikilməsi nəticəsində məşğulluq təmin olunacaq, investisiya qoyulacaq, həmin evlərin ətrafında iaşə obyektləri yaranacaq, infrastruktur formalaşacaq, məktəb, səhiyyə müəssisələri tikiləcək, tikinti materiallarının satışı canlanacaq və s. Bütövlükdə bu layihə sosial olsa da, eyni zamanda investisiyaların qoyulmasında da mühüm əhəmiyyət kəsb edir. Layihə ölkəmizə xarici investisiyaların cəlb olunmasını yaxşılaşdıracaq".

Mənzillərin regionlarda tikilməsi məsələsinə gəldikdə isə millət vəkili qeyd edib ki, layihə rayonlardakı urbanizasiya prosesinin tənzimlənməsinə də müsbət təsir göstərəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına artıq başlayıb. "MİDA" MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə