Hansı deputatın cərimə borcu var? ARAŞDIRMA

Hansı deputatın cərimə borcu var? ARAŞDIRMA

Həmişə öz aktuallığını qoruyub saxlayan məsələlərdən biri yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnən sürücülərin bu cərimələri vaxtında ödəyib-ödəmədiyidir. Xüsusilə də, bəzi millət vəkillərinin mütəmadi olaraq cərimə borcları ilə bağlı mətbuatda çıxış etməsi bu məsələni yenidən gündəmə gətirir. Elə bu məqsədlə də millət vəkilləri ilə əlaqə saxlayıb onların yol hərəkəti qaydalarını pozduğuna görə cərimə borclarının olub-olmamasını dəqiqləşdirdik.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı SİA-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, yol hərəkəti qaydalarını pozmağa imkan vermir: "Sürücümdən də xahiş edirəm ki, yol hərəkəti qaydalarını pozmasın. Bakı şəhərinin özündə hərəkət zamanı yol hərəkəti qaydalarını pozmuruq. Sadəcə magistral yolda sürət həddini bəzən aşmaq olur. Yəni ancaq magistral yolda yol hərəkəti qaydası pozula bilər, şəhər daxilində bu hal baş verə bilməz. Elə magistral yolda yol hərəkəti qaydasınını pozulmasına görə iki dəfə mənim maşınımı saxlamağa cəhd etdilər. Mən bu məsələni hətta Milli Məclisdə qaldırdım və başqa bir müstəvidə müzakirələr apardıq. Sonda belə qərara gəldim ki, bu cərimələr ödənilməlidir. Çünki cəriməni ödəməkdən başqa yol yoxdur. Hazırda da bununla bağlı məni narahat edən yoxdur".

Millət vəkili Aqil Abbas isə yol hərəkəti qaydasını pozduğuna görə cərimələrinin olduğunu və bu cərimələri vaxtında ödədiyini bildirib: "Bəli, hazırda cəriməm var və bu cərimələrdən 500 manat ödəmişəm. Yol hərəkəti qaydası pozulursa, təbii ki, cərimə də yazılmalıdır. Biz də ödəməliyik".

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə saytımıza açıqlamasında qeyd edib ki, hər zaman yol hərəkəti qaydalarına riayət etmək lazımdır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə bildirib ki, hazırda cəriməsi var: "Açığı, cəriməm var, ancaq nə qədər olduğunu saymamışam. Onu da qeyd edim ki, mən çox mahir sürücüyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə