Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. "Əməkdaşlıq körpüsü" adlandırılan Forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının Forum iştirakçılarına təbrik məktublarını oxuyublar. Sonra Forumda mükafatlandırma mərasimi keçirilib.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkürnaməsini təqdim edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif edilmiş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub. Medalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov təqdim edib.
Qeyd edək ki, Ağabəy Əsgərov Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində, media sahəsində münasibətlərin inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. "Səs" qəzetinin Baş redaktoru kimi iki ölkə mətbuatı arasında sağlam əlaqələrin qurulması kimi tarixi missiya Ağabəy Əsgərovun "Bakinskiy raboçiy" qəzetinə rəhbərlik etdiyi vaxtda da davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB