Əhali donur, bəs aidiyyatı qurumlar nə düşünür? ARAŞDIRMA

“Azəristiliktəchizat”ın rəsmisi: “İki qurum arasındakı münasibətin kimsəyə dəxli yoxdur” “Azəriqaz” İB-nin rəsmisi: “Azəristiliktəchizat”ın borcu təkcə keçən ilki deyil, bunlar hər il yığılıb qalan borclardır”
Əhali donur, bəs aidiyyatı qurumlar nə düşünür? ARAŞDIRMA

Ölkə ərazisində havaların soyuması mənzillərin istilik məsələsini yenidən gündəmə gətirib. Bu gün havaların olduqca soyuq, yağmurlu keçməsi və bu səbəbdən mənzillərimizdə istiliklə bağlı yaranan problemlərin həll olunması hər birimizi düşündürür. Düzdür, "Azəristiliktəchizat" ASC tərəfindən mənzillərə istilik sistemlərini verilməsi noyabrın 15-də həyata keçirilməlidir. Bəs hava şaxtalı, yağmurlu keçirsə, necə? Qarın, şaxtanın, yağışın soyuğuna dözüb noyabrın 15-ni gözləməliyikmi?

Ümumiyyətlə, bu işə cavabdeh olan qurumlar nə düşünür? Məktəblərdə şagirdlər, xəstəxanalarda xəstələr, evlərimizdə övladlarımız soyuqdan donmalıdırmı? Suallarımıza cavab tapmaq üçün araşdırma apardıq. Məlum oldu ki, havanın soyuq, şaxtalı keçməsindən ən böyük zərəri məhz sadə vətəndaşlar çəkir. "Azəriqaz" İstehsalat Birliyi (İB) ilə "Azəristiliktəzhizat" ASC arasında uzun illərdir davam edən anlaşılmazlığın, "borc qalmaqalı"nın bütün ağırlığı sadə vətəndaşların üzərinə düşür. Mənzilinə istilik sisteminin verilməməsi vətəndaşa baha başa gəlir. Belə ki, mənzilində övladlarını donmaqdan, soyuqdan qorumaq üçün vətəndaş məcbur ki, elektrik sobalarından istifadə etsin. Elektrik enerjisindən istifadə isə, bir aya orta hesabla vətəndaşa 50-100 manata başa gəlir. Yəni vətəndaşın elektrik enerjisindən istifadəyə görə ödədiyi vəsait təxminən 5-10 dəfə artır. Oktyabrın əvvəlində "Azəriqaz"İB-dən verilən açıqlamada bildirilmişdi ki, 2016-cı ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.

Qurumdan bildirilmişdi ki, "Azəristiliktəchizat" ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir. Bu rəqəm ötənilki vəziyyətin təkrarlanması qorxusunu verir. Bu gün də hava olduqca soyuq, şaxtalı və yağmurlu keçir. Aidiyyatı qurumlar bu haqda nə düşünür, noyabrın 15-nə qədər əhali donmalıdırmı? 2015-ci ildə "Azəristiliktəzhizat" ASC-nin "Azəriqaz" İB-yə borclu olması ucbatından mənzillərə istilik sistemləri noyabrın 15-də deyil, 3 gün sonra - noyabrın 18-də verilmişdi. Bu il də gecikmə olacaqmı və havanın soyuq, şaxtalı keçməsinə görə mənzillərə istilik sistemlərini vaxtından əvvəl vermək mümkündürmü?

Bütün bu suallara cavab axtarmaq üçün "Azəristiliktəzhizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev əlaqə saxladıq. R.Əliyev SİA-ya açıqlamasında bildirdi ki, istilik mövsümü noyabrın 15-də başlayacaq: "Əgər problem olsa, ondan sonra zəng edərsiz. Keçən il qazanxanalarımızda problemlər oldu. Bu il də çalışacağıq ki, olmasın. Olacaqsa, o zaman münasibət bildirəcəyik".

R.Əliyev "2015-ci ildə borc məsələsinə görə istilik sistemlərinin verilməsində böüyk problem yaşandı, bu yenidən gecikmə ola bilərmi" sualına cavabında bildirdi ki, çalışacağıq ki, problem olmasın: "İki idarə - "Azəriqaz"la, Azəristiliktəchizat" arasında olan münasibətlərdir. İki qurum arasındakı münasibətin kimsəyə dəxli yoxdur".

"Azəristiliktəzhizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev havaların soyuq keçməsinə görə vaxtın əvvəl istilik sistemlərini verilib-verilməyəcəyi ilə bağlı sualımızı isə cavabsız qoydu.

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev SİA-ya açıqlamasında qeyd etdi ki, borc məsələsi hələ də qalır: "Borcla bağlı "Azəristiliktəzhizat"a yazılı müraciətlər etmişik. Bütün bunlar müzakirə olunur. İlk növbədə borclu qazanxanaların vəziyyəti yoxlanılacaq. "Azəristiliktəzhizat"ın borcu təkcə keçən ilki deyil, bu həmişə belə olub. Bütün bunlar yığılıb qalan borclardır. Hər il də bu borcların üzərinə yeni borclar əlavə olunur. Bu borclar həmişə qazın maya dəyərinin 35-38% civarında ödənildiyinə görə yığılıb qalır. Ancaq hazırda hansı mənzillərdəki kombi istilik sistemləri varsa, əhali tələbata uyğun olaraq mavi yanacaqla təmin olunubdur".

Bütün xəbərlər Facebook səhifəmizdə